11:32
Prezident İlham Əliyev Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən Azərbaycan Respublikasının istifadəsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.
AzerTimes fərmanın mətnini təqdim edir:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Avropa Komissiyasının Qeydiyyata Alınmış İxracatçılar Sistemindən (REX) istifadə məqsədilə ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsini, Ümumiləşdirilmiş Preferensiyalar Sistemi (GSP) daxilində birtərəfli qaydada tarif preferensiyalarının (güzəştlərinin) verilməsi ilə bağlı Avropa İttifaqına üzv olan dövlətlərdən, habelə Norveç Krallığından və İsveçrə Konfederasiyasından daxil olan sorğuların cavablandırılmasını və bu çərçivədə digər işlərin həyata keçirilməsini təmin edən vahid səlahiyyətli orqandır.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
3.1. bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş ixracatçıların qeydiyyata alınması barədə təsdiqedici kodun verilməsi və daxil olan sorğuların cavablandırılması qaydalarını dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin vahid səlahiyyətli orqan müəyyən edilməsi barədə Avropa İttifaqına üzv olan dövlətlərə, Norveç Krallığına və İsveçrə Konfederasiyasına müvafiq bildiriş göndərsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. 2024-cü il mayın 14-də İstanbul şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Əməkdaşlıq Sazişinin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərsin.