Prezident Balakənə səfər etdi, yeni ASAN xidmətdə oldu

Prezident Balakənə səfər etdi, yeni ASAN xidmətdə oldu

Azərbaycan Prezidenti İlham Əliyev bu gün (29 iyul) Balakən rayonuna səfərə gəlib.

Dövlət başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

İlham Əliyev 320 şagird yerlik Balakən şəhər Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib. Dövlət başçısına binada yaradılan şərait barədə məlumat verilib.

Daha sonra ölkə başçısı Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub və ASAN könüllüləri ilə görüşüb.

Balakən ASAN xidmət - Prezident

Balakəndə “Azərişıq Açıq Səhmdar Cəmiyyətinin” Balakən Avtomatik İdarəetmə və Nəzarət Mərkəzi istifadəyə verilib. İlham Əliyev bu tədbirdə də iştirak edib.

Prezident yenidən qurulan Balakən-Qazbinə-İtitala avtomobil yolunun açılışında iştirak edib. Tədbir çərçivəsində Balakən–Hənifə–Gülüzanbinə avtomobil yolunun da təqdimatı olub.

Dövlət başçısı Balakən rayonunda “Bal meyvə” bağçılıq təsərrüfatı ilə tanış olub. Dövlət başçısına təsərrüfat barədə məlumat verilib.