Xəbər - Humay Ağacanova – Trend:
Tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının qürur mənbəyinə çevrilən Vətən müharibəsinin ildönümüdür.
Vətən müharibəsində qəhrəmanlıqları ilə yaddaşlarda qalan igidlərimizdən biri, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin komandiri, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Zəfər Yusubov AzerTimes-a verdiyi müsahibədə müharibə zamanı yaşananlardan bəhs edib.
Polkovnik bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin döyüş əmri verdiyi gün bütün azərbaycanlıların qürur günü, həmrəy olduqları gün idi: “Ali Baş Komandanın sarsılmaz qətiyyəti döyüşlərdə bizə güc verirdi. Biz bu günü səbrsizliklə gözləyirdik. Xüsusi Təyinatlı Qüvvələrin Murovdağ istiqamətində yüksəkliklərin ələ keçirilməsində, oradakı düşmən xəttinin yarılmasında, düşmənin xüsusilə canlı qüvvəsinin, uzaq mənzilli artilleriya qurğularının məhv edilib, bizim qüvvələr tərəfindən ələ keçirilməsində çox böyük rolu oldu. Cəbrayıl və Füzuli rayonlarının kəndlərini cəbhə boyunca azad edərək irəliləyirdik. Hədəfimiz növbəti rayonu, işğal altında olan torpaqlarımızı azad etmək idi. Geri çəkilən düşmənin yenidən güc toplamasına macal vermədən onları dəmir yumruq olaraq məhv edirdik”.
Z.Yusubov bildirib ki, Füzuli-Cəbrayıl istiqamətində Murovdağda olduğu kimi yüksəliklər olmasa da, hava şəraiti çox soyuq və küləkli idi. Buna baxmayaraq, qisas hissi və inam onlara mənəvi güc verirdi:
“Düşmən strateji mövqelərdə yerləşmişdi. Müşahidələr apararaq gördüyü hədəfi dərhal məhv edə bilərdi. Uzun illər təlimlərdən qazandığımız təcrübələr bizə imkan verirdi ki, düşmənin müşahidəsindən yayınaq və onları gözləmədikləri anda darmadağın edək”.
Hadrutun azad edilməsi uğrunda gedən döyüşlərdən bəhs edən komandir oranın yüksək dağlarla və sıx meşələrlə əhatələnmiş strateji məntəqə olduğunu qeyd edib:
“Rəhbərimiz tərəfindən tapşırıq verildi və Hadruta daxil olduq. Döyüşlər bir neçə gün davam etdi. Hadrutu, ətraf yüksəklikləri, kəndləri azad edərək düşmən qüvvələrindən təmizlədik.
Daha sonra Tuğ kəndi istiqamətində irəlilədik və orada yaralandım. Şəxsi heyətə psixoloji təsir etməməsi üçün heç kəsə bildirmədim. Taborla birlikdə pusquya düşdük. Lakin digər komandir heyətinin qorxmazlığı, gücü, bacarığı eyni zamanda şəxsi heyətin öz hazırlığı ilə pusqudan xilas olduq. Mənimlə bərabər bir hərbi qulluqçumuz da sinə nahiyəsindən qəlpə yarası almışdı.
Səhhətimdə problem yarandığı üçün məcburiyyyətdən geri qayıtmalı oldum. Buna baxmayaraq, fəxr edirəm ki, Hadrut qəsəbəsində döyüşlərin qızğın olduğu bir vaxtda Azərbaycan bayrağını dalğalandırmaq mənə qismət oldu.
Dağlarda, yaşayış məntəqələrində, soyuq hava şəraitində, sərt ərazi relyefində döyüş, ən çətin döyüş növlərindəndir. Lakin Azərbaycan ordusu bütün bunlara hazır idi.
Düşmən uzaqmənzilli artilleriya qurğuları, zirehli texnikalarla təchiz olunmuşdu. Qarşısına çıxan Azərbaycan xüsusi təyinatlı əsgərinin isə əlində sadəcə avtomat olurdu. Düşmən tərəfi mərmini atırdı, lakin görürdü ki, qarşısındakı Azərbaycan əsgəri dayanmır, yenidən onun üzərinə irəliləyir. Bu vəziyyətin şahidi olan birinin qorxuya, vahiməyə düşməməsi mümkün deyildi.
Qarşı tərəfdən qaçanlar, geri çəkilənlər olurdu. Lakin bütün döyüşlər zamanı, qarşılaşdığımız istənilən çətin vəziyyətdə bir Azərbaycan əsgəri belə tək addım geri çəkilmədi.
Azərbaycan xalqının, ordusunun gücünü düşmənin üzərində nümayiş etdirmək tarixi qələbəmizdir.”