18:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdam-Füzuli avtomobil yolunun tikintisi işlərinin gedişi ilə tanış olub.
AzerTimes xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır.
Bərdə-Ağdam avtomobil yolunun davamı olan bu yol Ağdam, Ağcabədi, Füzuli rayonlarının ərazisindən keçir. Uzunluğu 64,8 kilometr, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla, birinci texniki dərəcəyə uyğun inşa edilir.
Torpaq işlərinin icrası çərçivəsində yararsız süxurun çıxarılması, qazma, yatağın genişləndirilməsi işləri davam etdirilir. Həmçinin yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır. Yol üzərində layihələndirilən körpülərin tikintisi davam etdirilir və yol əsasının inşası bitən hissələrdə asfalt-beton örtüyün döşənməsi işləri görülür.
Sonra yolun tikintisi ilə bağlı görülən işləri əks etdirən videoçarx nümayiş olundu.
Qeyd edək ki, yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yolboyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.