Prezident Administrasiyasında Milli Cəbhə Partiyasının sədri ilə görüş keçirilib

Ölkəmizdə həyata keçirilən iqtidar-müxalifət dialoqunun davamı
olaraq, mayın 19-da Prezident Administrasiyasının Siyasi partiyalar
və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı
Razi Nurullayev ilə görüş keçirib.

Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AzerTimes-a
bildiriblər ki, görüşdə şöbə müdiri Ədalət Vəliyev ölkəmizdə siyasi
plüralizmin, fikir azadlığının təmin olunması, bu məqsədlə ictimai
iştirakçılığın genişmiqyaslı tətbiqi və digər önəmli məsələlərlə
bağlı görülən qanunvericilik və institusional tədbirlər
çərçivəsində çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin
təzahüründən söz açıb. Şöbə müdiri bu istiqamətdə son bir neçə ildə
yeni partiyalarla birgə Milli Cəbhə Partiyasının da dövlət
qeydiyyatından keçməsi və bugünkü legitim fəaliyyəti, Azərbaycan
Milli Məclisində təmsilçiliyi haqqında fikirlərini bildirib.

Ədalət Vəliyev müxtəlif siyasi qüvvələrin təmsil olunduğu VI
çağırış Milli Məclisin ölkədə Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən köklü siyasi islahatlar çərçivəsində
formalaşdığını, buradakı müxalifət partiyalarının nümayəndələrinin
müstəqil Azərbaycanın parlament tarixində ilk dəfə olaraq həm Milli
Məclisin rəhbərliyində, həm də komitə və komissiyaların
rəhbərliyində təmsil olunduqlarını qeyd edib.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi
Nurullayev ölkəmizdəki siyasi dialoq təşəbbüslərinin ilkin
mərhələsində baş verən Vətən müharibəsi zamanı mütərəqqi qüvvələrin
siyasi birliyinin və milli həmrəyliyinin şanlı Zəfərə və
dövlətçiliyimizin möhkəmlənməsinə birbaşa xidmət etdiyini
vurğulayıb, hazırda aparılan və gələcəkdə aparılacaq
iqtidar-müxalifət dialoqunun davam etdirilməsinin zəruriliyini
bildirib. Yeni siyasi plüralizm mühitinin daha da inkişafı üçün
ölkədəki bütün partiyalarla konstruktiv əməkdaşlığın qurulması,
xüsusən partiyaların dövlət qeydiyyatına alınması, qurultayların
keçirilməsi, hesabatların Mərkəzi Seçki Komissiyasına vaxtında və
müəyyən edilmiş qaydada təqdim olunması, azad və demokratik mühitin
formalaşması çərçivəsində kütləvi informasiya vasitələrinə
məhdudiyyətsiz çıxış imkanlarının yaradılması, onların ofislə təmin
olunması, partiyaların aktivləşməsi ölkədə aparılan siyasi dialoq
təşəbbüslərinin ən vacib xarakterik xüsusiyyəti kimi
dəyərləndirilib.

Prezident İlham Əliyevin “Dövlət təşəbbüslərinin davamlılığı,
çoxpartiyalı sistemin formalaşması, islahatçı kursa sadiqlik,
ölkədə siyasi fəaliyyət üçün münbit şəraitin dəstəklənməsi,
demokratik ənənələrin inkişafı və s. sadaladığım strateji
prioritetlərin icrası prosesində siyasi partiya və vətəndaş
cəmiyyəti institutları fəal mövqe tutmalıdır”, – tezisini
xatırladan Ədalət Vəliyev bu fikirlərin əslində siyasi partiyalara
və vətəndaş cəmiyyəti institutlarına çağırış olduğunu ifadə edib,
xüsusən Milli Məclisdə təmsil olunan partiyaların bu çağırışa daha
yaxından qoşulmasının əhəmiyyətini bildirib.

Sonda ölkəmizdə dərinləşməkdə olan siyasi dialoq mədəniyyəti
prosesi, dövlət siyasətinin müxtəlif istiqamətləri ilə bağlı siyasi
partiyaların təklif və təşəbbüsləri, işğaldan azad olunan
torpaqlarımızda aparılan quruculuq işlərinin dövlətimizin iqtisadi
qüdrətinin göstəricisi olması, bu işdə beynəlxalq qurumların
Azərbaycana olan ikili münasibəti və ölkəmizə qarşı hələ də davam
edən beynəlxalq ədalətsiz təhdidlərə müxalifət partiyalarının öz
etirazlarını bildirməsinin önəmi və digər məsələlər haqqında fikir
mübadiləsi aparılıb.

Teqlər: