Prezident Administrasiyasında Gələcək Azərbaycan Partiyasının sədri ilə görüş keçirilib

Mayın 25-də Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev ilə Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu
arasında görüş keçirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AzerTimes-a
bildiriblər ki, görüşdə şöbə müdiri ölkəmizdə siyasi dialoq
mədəniyyətinin və cəmiyyətin inkişafı naminə həyata keçirilən
iqtidar-müxalifət əməkdaşlığının keçmişi, bu günü və
perspektivlərindən söz açıb, siyasi tariximizin zənginləşməsində,
dövlətçiliyimizin möhkəmlənməsində siyasi partiyaların rolunun
önəmli olduğu, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan
siyasi islahatlar nəticəsində siyasi partiyaların fəaliyyəti üçün
geniş zəmin yaradıldığı, həmçinin siyasi partiyaların qərargahla
təmin olunması, qurultaylarının nəticələrinin dövlət qeydiyyatına
alınması, fəaliyyətlərinin legitimləşdirilməsi, ölkədə fəaliyyət
göstərən dövlət və özəl media resurslarına maneəsiz çıxış
imkanlarının yaradılması, ölkədə milli və siyasi həmrəyliyin təmin
olunması, yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması və
digər məsələlər yeni siyasi konfiqurasiyanın əsas konturları kimi
qeyd olunub. Şöbə müdiri, həmçinin əksər siyasi partiyaların sağlam
iqtidar-müxalifət dialoqunun və çoxpartiyalı siyasi sistemin
inkişafına öz töhfəsini verdiklərini qeyd edib.

Prezident İlham Əliyevin “indiki genişmiqyaslı islahatlar
dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Siyasi islahatlar
partiyalararası geniş dialoq olmadan həyata keçirilə
bilməz…Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır”
fikirlərinin real nəticələr verdiyinə diqqət çəkən Ədalət Vəliyev
bu prosesdə Gələcək Azərbaycan Partiyasının fəal iştirak edəcəyinə
əminliyini bildirib.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu öz
növbəsində ölkəmizdə aparılan siyasi dialoqu və dialoq çərçivəsində
görülmüş işləri yüksək qiymətləndirib, ölkəmizin rifahını və
dövlətimizin güclənməsini istəməyən azsaylı radikal şəxslərin
arzuolunmaz fəaliyyətindən bəhs edib. Uğurlu xarici siyasət
nəticəsində Azərbaycanın dünyanın ən fərqli geosiyasi qütbləri ilə
münasibətlərini qoruduğu, beynəlxalq güc mərkəzlərindən gələn
təzyiqləri neytrallaşdırdığı və bütün bunların nəticəsində
sabitliyin hökm sürdüyü əməkdaşlıq məkanına çevrildiyi qeyd olunub.
Bildirilib ki, bu gün ölkəmizdə siyasi baxışlarından asılı
olmayaraq, dövlətimizin güclənməsini, xalqımızın sosial rifahının
daha da yaxşılaşmasını istəyən hər bir vətənpərvər şəxs
Azərbaycanın uğurlarına sevinməli, bu uğurların davamlı olması üçün
özü də əlindən gələni əsirgəməməlidir. Bu işdə Gələcək Azərbaycan
Partiyası da öz köməyini göstərməyə daim hazırdır.

Sonda tərəflər konstruktiv əməkdaşlığın əhəmiyyətini nəzərə
alaraq, bu işi sistemli şəkildə davam etdirmək barədə fikir
mübadiləsi aparıblar. Mayın 22-də Brüsseldə Azərbaycan və
Ermənistan rəhbərləri arasında keçirilmiş görüş yüksək
qiymətləndirilib, iki ölkə arasında sərhədin delimitasiyası üzrə
Dövlət Komissiyasının yaradılmasını regionda sülhün və
təhlükəsizliyin təmin olunmasında vacib rol oynayacağı
bildirilib.

Teqlər: