Prezident Administrasiyasında Böyük Azərbaycan Partiyasının sədri ilə görüş keçirilib

Mayın 12-də Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb.

Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AzerTimes-a verilən
məlumata görə, görüş zamanı şöbə müdiri Ədalət Vəliyev vurğulayıb
ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan
dialoq mühiti siyasi sabitliyin əsası olmaqla yanaşı, dayanıqlı
inkişafı təmin edən əsas amillərdən biridir.

Vətən müharibəsi dövründə ölkədə təmin edilən siyasi və milli
həmrəyliyin dövlətin təməl prinsiplərinin möhkəmlənməsinə xidmət
etdiyini vurğulayan Ədalət Vəliyev gələcəkdə də bu istiqamətdə
aparılan iqtidar-müxalifət dialoqunun davam edəcəyini söyləyib.
Yeni siyasi konfiqurasiyanın inkişafı üçün bütün partiyalarla
konstruktiv münasibətlərin qurulmasının çox vacib olduğu qeyd
edilib. Şöbə müdiri işğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə
partiya sədrlərinin birgə səfərləri barədə söz açarkən bildirib ki,
belə səfərlər gələcəkdə də təşkil olunacaq.

Görüş zamanı Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev
ölkəmizdə aparılan iqtidar-müxalifət dialoqunu yüksək
qiymətləndirib. Azərbaycanda bütün siyasi qüvvələrin ümummilli
məsələlərdə və dövlətçiliyin möhkəmlənməsində vahid güc formasında
olmasının vacibliyi qeyd edilib. Bu halın həm də sağlam
münasibətlərin bərqərar olmasına və siyasi mədəniyyətin
yüksəlməsinə zəmin yaratdığı bildirilib. Dövlətin dialoqla bağlı
bütün təşəbbüslərini dəstəklədiyini qeyd edən Elşad Musayev
həmrəylik və sabitlik kimi amilləri hər bir ölkənin strateji
resursu olaraq dəyərləndirib. Siyasi dialoq təcrübəsinin
şaxələnməsinin dayanıqlı ənənələrin formalaşmasında əvəzolunmaz
əhəmiyyətə malik olacağını vurğulayan partiya sədri bildirib ki, bu
cür təcrübə mütləq şəkildə yeni uğurlu nümunələrlə
zənginləşdirilməlidir. Əldə olunmuş Qələbə və ölkənin müxtəlif
beynəlxalq təşəbbüsləri sayəsində Azərbaycanın dünya siyasi
arenasında çəkisinin əsaslı şəkildə artığı vurğulanıb.

Digər məsələlərlə yanaşı, görüş çərçivəsində İkinci Qarabağ
müharibəsində qazanılmış Qələbədən sonra işğaldan azad edilmiş
ərazilərin bərpası və Böyük Qayıdış ilə bağlı mövzular da geniş
müzakirə olunub.

Sonda Elşad Musayev görüşə görə təşəkkürünü bildirib, rəhbərlik
etdiyi partiyanın iqtidarla müxalifət arasında dialoqun və yeni
siyasi konfiqurasiyanın inkişafına hər zaman dəstək verməyə hazır
olduğunu qeyd edib.

Teqlər: