Prezident Administrasiyasında Ağ Partiyasının sədri ilə görüş keçirilib

Mayın 23-də Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət
Vəliyev ölkədə aparılan iqtidar-müxalifət dialoqu çərçivəsində Ağ
Partiyasının sədri Tural Abbaslı ilə görüş keçirib.

Prezident Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən AzerTimes-a bildiriblər ki, görüşdə şöbə
müdiri Prezident İlham Əliyev tərəfindən aparılan sistemli
islahatların bütün sahələri əhatə etdiyini, bu islahatların
dövlətimizin güclənməsi, əhalinin rifah halının yaxşılaşması,
postmüharibə dövrünün çətinliklərinin aradan qaldırılması, işğaldan
azad edilmiş torpaqlarımızın bərpası və soydaşlarımızın öz doğma
yurdlarına qayıtması məsələləri ilə yanaşı, ölkəmizdə baş verən
siyasi prosesləri də ehtiva etdiyini qeyd edib. Bunun nəticəsidir
ki, Azərbaycanda fəaliyyət göstərən mütərəqqi siyasi qüvvələr
Azərbaycan dövlətçilik tarixinin ən çətin və ən şərəfli məqamında –
Vətən müharibəsi zamanı ümummilli dəyərlər naminə öz birliklərini
ortaya qoydular. Siyasi qüvvələrin Vətən naminə birgə bəyanat və
müraciətlərinin ölkə əhalisinin Ali Baş Komandanın ətrafında dəmir
yumruq kimi birləşdiyinin göstəricilərindən biri olduğu vurğulanıb.
Ölkəmizdə fəaliyyət göstərən partiyalarla hakimiyyət arasında və
partiyalar arasında gündən-günə daha da dərinləşən və inkişaf edən
siyasi dialoq mədəniyyətinin dövlətimizin güclənməsinə, xalqımızın
rifahına böyük töhfələr verəcəyi qeyd olunub.

Ağ Partiyasının sədri Tural Abbaslı, ilk növbədə, siyasi dialoq
prosesi çərçivəsində keçirilən görüşə dəvət edildiyi üçün
təşəkkürünü bildirib. Qeyd edib ki, dövlətimizin güclənməsi və
xalqımızın rifah halının yaxşılaşması istiqamətində həyata
keçirilən dövlət siyasətini dəstəkləyir, bu siyasətin hər bir
vətəndaşı əhatə etməsi üçün siyasi dialoq prosesinin faydalı
olmasına inanır. Əhalinin həssas təbəqəsinə, xüsusən Vətən
müharibəsi şəhidlərinin ailələrinə, qazilərə, digər müharibə
iştirakçılarına və onların ailələrinə diqqətin daha da
artırılmasının hazırkı məqamda olduqca vacib olduğu qeyd
edilib.

Görüşdə, həmçinin ölkəmizdə mövcud olan və Azərbaycan
dövlətçiliyinin əbədi olması üçün çalışan bütün qüvvələrin Vətən
müharibəsi Zəfərinin qazanılmasında pay sahibi olması, ölkəmizin
ərazi bütövlüyünün təmin edilməsi ilə nəticələnən uğurlu xarici
siyasətin Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirməsi,
Ermənistanın və onların himayədarlarının xalqımızın birliyi
qarşısında bütün cəbhələrdə məğlubiyyətlə qarşılaşması, ölkədə
aparılan siyasi dialoq prosesinin müxtəlif formatlarda inkişaf
etdirilməsi və başqa mövzularda səmərəli fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması
istiqamətində aparılan xarici siyasət barədə müzakirələr aparılıb.
Avropa İttifaqının hərtərəfli sülh sazişi ilə dəstəklənən regionda
davamlı sülhün təmin edilməsi məqsədilə münaqişənin aradan
qaldırılmasında, əməkdaşlıq və etimad mühitinin yaradılmasında
səyləri yüksək qiymətləndirilib. Eyni zamanda, 2021-ci il dekabrın
14-də, 2022-ci il aprelin 6-də və mayın 22-də Avropa İttifaqı
Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan
Respublikasının Prezidenti və Ermənistan Respublikasının baş naziri
arasında baş tutan görüşlərin regionda sülhün bərqərar edilməsi,
sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması və
nəticədə regionda yaşayan bütün insanların rifahı üçün təhlükəsiz,
sabit və firavan şəraitin qurulması üçün böyük əhəmiyyət kəsb
etdiyi vurğulanıb.

Sonda tərəflər iqtidar-müxalifət siyasi dialoqunun yeni
formatlarda davam etdirilməsinin və bununla bağlı yeni təkliflərin
dəyərləndirilməsinin önəmini vurğulayıb, gələcəkdə ölkəmiz üçün
vacib olan məsələlərin siyasi partiyaların iştirakı ilə birgə
müzakirələrinin keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Teqlər: