19-21 aprel tarixlərində Azərbaycan Respublikası Prezidentinin
köməkçisi – Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri
general-polkovnik Məhərrəm Əliyev və Dövlət Sərhəd Xidmətinin
(DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd
Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” və “Qazax” əlahiddə
sərhəd diviziyalarının hərbi hissə və bölmələrinə səfər
etmişlər.
DSX-dən AzerTimes-a verilən
məlumata görə, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa
edildikdən sonra Ermənistan ilə dövlət sərhədində zəruri sərhəd
müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarının
icra vəziyyəti yoxlanılmışdır.
Dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili istiqamətində
həyata keçirilən fəaliyyətlər, o cümlədən sərhəd yollarının
çəkilməsi, ərazidə hərəkətin təmin edilməsi üzrə
tikinti-quruculuq işləri və təhlükəsizlik tədbirləri nəzərdən
keçirilmiş, sərhəd-döyüş məntəqələrində xidmət aparan
sərhədçilərlə görüşülmüş, hərbi qulluqçuların xidməti-döyüş və
məişət şəraitləri ilə tanış olunmuşdur. Son bir il ərzində azad
edilmiş ərazilərdə 19 yeni hərbi hissənin, 100-dən artıq sərhəd
döyüş məntəqəsinin fəaliyyətə başlamasının böyük əhəmiyyəti
vurğulanmışdır.
Əlahiddə sərhəd diviziyalarının rəhbər heyətlərinin iştirakı ilə
xidməti müşavirələr keçirilmiş, vəzifəli şəxslərin xidməti
ərazidə mövcud olan əməliyyat şəraiti və görülən tədbirlər
haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş
hazırlığının daha da yüksəldilməsinin, dövlət sərhədinin
toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin
edilməsi üzrə zəruri tapşırıq və tövsiyələr verilmişdir.
Səfər çərçivəsində səhra təlim mərkəzində DSX-nin taktiki
təlimləri izlənilmişdir.