İlk dəfə olaraq Gürcüstanın Poti limanından Özbəkistanın paytaxtı Daşkəndə konteyner blok qatarı yola salınıb.
“ADY Konteyner”dən AzerTimes-a verilən məlumata görə, qatarın “Poti-Daşkənd” marşrutu üzrə operatorları Gürcüstanın “GR Logistics and Terminals”, Azərbaycanın “ADY Konteyner”, Türkmənistanın TULM və Özbəkistanın “Ozbektemiryolekspeditsiya” şirkətləridir.
Tranzitlə Azərbaycan ərazisindən keçəcək qatar hər biri 40 futluq olmaqla 58 konteynerdən ibarətdir. Qatarla Orta Asiyaya Avropa İttifaqı ərazisində istehsal olunmuş alüminium tərkibli sənaye məhsulları daşınır.
Konteynerlər Bakı limanına çatdıqdan sonra operatoru “ADY konteyner” şirkəti olan fider gəmisi vasitəsilə Türkmənbaşı limanına göndəriləcək. Daha sonra qatar Türkmənistan və Özbəkistan dəmir yolları vasitəsilə yoluna davam edəcək.
Bu layihə üzrə ümumilikdə 200 ədəd konteyner daşınacaq.