Postmünaqişə dövründə beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlardan çıxış etdilər – TƏHLİL

44 günlük Vətən müharibədən ilyarım keçməsinə baxmayaraq,
beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçilik təşkilatları
Azərbaycana heç bir yardım göstərməyib. Dünyanın başqa
ərazilərdində müharibələr baş verən zaman qeyd olunan təşkilatlar
aktiv fəaliyyətə keçir, lakin Azərbaycanla bağlı susqunluq nümayiş
etdirirlər ki, bu da ölkəmizə münasibətdə ikili standartların
təzahürüdür.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Cavid Osmanov bildirib ki, tarixdən məlumdur ki,
müharibələr bitdikdən sonra dağıntıların aradan qaldırılması,
minaların təmizlənməsi işində çox böyük işlər görülür, beynəlxalq
təşkilatlar bu məsələdə fəallıq göstərirlər.

“Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan əraziləri
tamamilə darmadağın edilib, şəhərlər, kəndlər tamamilə yer üzündən
silinib, infrastruktur tamamilə dağıdılıb, ekologiyamıza qarşı
soyqırımı törədilib. Əlbəttə ki, bunlar hamısı erməni vandallığının
bir nümunəsidir. Amma çox təəssüf ki, bu günə qədər bu ərazilərin
bərpası ilə bağlı Azərbaycana heç bir maliyyə yardımı və ya digər
formada dəstək təqdim edilməyib.

Əlbəttə, biz yaxşı bilirik ki, müharibələr bitdikdən sonra və bu
qədər dağıntılardan sonra donor konfransları keçirilir, beynəlxalq
təşkilatların bərpa planlarının icra praktikasına uyğun olaraq
layihələr icra olunur. Elə misal üçün, İkinci Dünya müharibəsindən
sonra Avropanın bərpası ilə bağlı Marşal planının tətbiq edilməsini
göstərmək olar. O zaman belə plan təqdim edilməsəydi, Avropa uzun
illər bərpa edilə bilməzdi.

Lakin Azərbaycanın bu qədər ərazisinin ermənilər tərəfindən
dağıntıya məruz qalmasına baxmayaraq, bu günə qədər hər hansı bir
konfrans və donor təşkilatlar tərəfindən yardım göstərilməsi baş
verməyib. Əlbəttə ki, bu, Azərbaycana qarşı ikili standartların bir
təzahürüdür”, – deyə deputat bildirib.

C.Osmanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan işğaldan azad edilmiş ərazilərdə böyük bərpa və
quruculuq işlərini özü həyata keçirir.

“Bunun üçün həm 2021-ci ilin, həm də 2022-ci ilin dövlət
büdcəsindən lazımi vəsait ayrılıb və işlər sürətli şəkildə həyata
keçirilir. Amma çox təəssüf ki, ikili standartlar var və
zaman-zaman Azərbaycan da bu ikili standartlara məruz qalır”, –
deyə deputat əlavə edib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi
Vasif Hüseynov da Trend-ə bildirib ki, 44 Günlük Vətən
müharibəsindən sonra ölkəmizin qələbəsi xaricdəki dostlarımıza
sevinc hissi yaşatmış olsa da, dost olmayan qruplar arasında
ölkəmizə qarşı qəzəb və məyusluqdan ibarət bir reaksiyaya səbəb
oldu.

“Bunun nəticəsində Azərbaycana yaxınlaşmaq, işğaldan azad
edilmiş torpaqlarımızda aparılmalı olan minadan təmizləmə və
quruculuq işlərinə kömək etmək istəyən təşkilatlara və hökumətlərə
təzyiq göstərməyə başladılar. Biz bu təzyiqi və bunun nəticələrini
gündəlik fəaliyyətimizdə açıq-aşkar hiss edirik.

Nəinki azad edilmiş torpaqlarımızdakı işlər sahəsində, adicə
hansısa konfrans və ya elmi tədbirlərdə iştirak edən və ya etmək
istəyən insanlara da əsasız və qərəzli etirazların, fəaliyyətin
şahidi oluruq. Düşünürəm ki, müharibədən ilyarım keçməsinə
baxmayaraq, beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçilik
təşkilatlarının Azərbaycana heç bir yardım göstərməməsini həm də bu
kontekstdə dəyərləndirmək lazımdır.

Biz necə ki, müharibə dövründə xalq olaraq bir yumruq kimi
birləşib, çoxlarına qeyri-mümkün görünən nəticələrə nail olduq,
bundan sonra da ölkəmizə qarşı fəaliyyət göstərən dövlətlərə və
təşkilatlara qarşı oxşar mübarizəni davam etdirəcəyik”, – deyə o
bildirib.

V.Hüseynov əlavə edib ki, beynəlxalq ictimaiyyət qəbul etməlidir
ki, keçmiş Ermənistan-Azərbaycan münaqişəsində işğala məruz qalan
yüz minlərlə insanı evindən-obasından didərgin düşən və olmazın
iztirablar yaşayan tərəf Ermənistan yox, məhz Azərbaycandır.

“Buna görədir ki, ölkəmizin azad edilmiş torpaqlarda üzləşdiyi
çətinlik və çağırışlara qarşı mübarizəsində ona kömək göstərməmək
və bu köməkdən qərəzli olaraq imtina etmək məhz işğalçı tərəfin
yanında olmaq deməkdir”, – deyə o əlavə edib.

Teqlər: