Postmüharibə dövrünün genişmiqyaslı bərpa-quruculuq işləri ilə
yanaşı, yeni geosiyasi reallıqları Azərbaycana regional
nəqliyyat-logistika qovşağı kimi güclü mövqe qazandırır.
AzerTimes-ın
məlumatına görə, bunu Baş nazir Əli Əsədov “Azərbaycan” qəzetində
dərc olunan məqaləsində deyib.
Baş nazir bildirib ki, eyni zamanda, regionda kommunikasiya
əlaqələrinin açılması bölgədəki bütün dövlətlərə fayda gətirəcək və
beynəlxalq nəqliyyat layihələrində Cənubi Qafqazın rolunu
gücləndirəcək.
“Bu kontekstdə Zəngəzur dəhlizinin əhəmiyyəti xüsusi
vurğulanmalıdır. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar
Respublikası ilə birləşdirəcək bu dəhliz, eyni zamanda beynəlxalq
yükdaşımaları baxımından da mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan
münaqişə səhifəsini çevirməyə, sərhədlərin delimitasiyasına və
demarkasiyasına, sülh sazişi üzrə danışıqların başlanmasına
hazırdır. Bu gün Azərbaycan öz vəsaiti hesabına, heç kimdən asılı
olmayaraq işğaldan azad edilmiş şəhər və rayonlarımızın bərpası
üzrə təsdiq olunmuş baş planlar əsasında intensiv şəkildə həyata
keçirdiyi layihələrdə “ağıllı idarəetmə”, “yaşıl enerji”
konsepsiyasını gerçəkləşdirir, yüksək texnologiyalar və müasir
yanaşmalar nümayiş etdirir”, – deyə Ə.Əsədov vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyev azad edilmiş
torpaqlarımızı addım-addım, qarış-qarış gəzərək möhtəşəm quruculuq
işlərinə bilavasitə başçılıq edir.
“Fantastik sürətlə, cəmi 8 ay ərzində inşa edilmiş, “Qarabağın
hava qapısı” – Füzuli Beynəlxalq Hava Limanı, hazırda inşası
aparılan Zəngilan və Laçın beynəlxalq hava limanları, igid əsgər və
zabitlərimizin Şuşaya adladıqları tarixi Zəfər yolu da daxil
olmaqla, bugünədək inşa edilmiş 1000 kilometrədək avtomobil
yolları, mürəkkəb relyefli ərazilərdə yüksək sürət və
texnologiyalarla inşa edilən tunellər, yol ötürücüləri bölgənin
inkişafına əhəmiyyətli təkan verməklə yanaşı, müasir tələblərə
uyğun hərbi, siyasi və strateji əhəmiyyətli yol-nəqliyyat
infrastrukturun yaradılmasına xidmət edir”, – Ə.Əsədov əlavə
edib.