Postmüharibə dövrünün reallıqları beynəlxalq miqyasda qəbul edilir, işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri sürətlənir – Vüqar Rəhimzadə

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün
yekunlarına həsr olunan müşavirə postmünaqişə dövrünün reallıqları
fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclənən
mövqeyinə, ölkəmizin iqtisadi imkanlarının genişlənməsinə, işğaldan
azad edilmiş ərazilərimizdə abadlıq-quruculuq işləri ilə bağlı
görülən tədbirlərin miqyasına, eyni zamanda, qarşıdakı dövr üçün
müəyyənləşdirilən hədəflərə bir daha işıq saldı. Cari ilin birinci
rübünün yekunları bütövlükdə 2022-ci ili də uğurla başa
vuracağımıza böyük əsaslar yaradır. Hər bir ölkənin inkişafında,
hədəflərə uğurla nail olunmasında əsas amil olan iqtisadi inkişafa
nəzər salsaq Azərbaycanın ilin birinci rübündə əldə etdiyi
sosial-iqtisadi göstəricilərin qənaətbəxş olduğunu görərik. Bu
müddətdə ümumi daxili məhsul 6,8 faiz, qeyri-neft iqtisadiyyatımız
10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4
faizdir. Qeyri-neft sənaye istehsalında artım 18 faizdən çoxdur. Bu
rəqəmlər ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla
həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın
azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın
qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi
qoyan dövlət başçısı İlham Əliyevin bu istiqamətdə atdığı
addımların məntiqi nəticəsidir ki, Azərbaycan hər bir çətinlikdən
uğurla, az itki ilə çıxmağa nail olur. 2019-cu ildən dünyanı
bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin
gücləndirildiyi zamanlarda Azərbaycanın iqtisadi artımı ilə
diqqətdə olması, 30-dan artıq ölkəyə humanitar və maddi yardım
göstərməsi kimi mühüm addımlar imkanlarımızın təqdimatında
əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev müşavirədə
birinci rübün yekunlarına söykənərək bildirmişdir ki, hazırda
dünya, əgər belə demək mümkündürsə, postpandemiya dövrünə qədəm
qoyur və bəlkə də “postpandemiya” sözünü işlətmək bir qədər tezdir.
Amma dünyadakı və Azərbaycandakı indiki vəziyyət buna işarə
verir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.

“Postmünaqişə dövrünün reallıqlarından biri kimi Azərbaycanın
mövqeyinin daha da möhkəmlənməsi, beynəlxalq təşkilatların
ölkəmizin hər sahədə fəaliyyətini yüksək qiymətləndirmələri,
bölgədə sülhün, təhlükəsizliyin təmin olunması üçün dəstək
göstərməyə hazır olduqlarını bildirmələri həyata keçirilən
siyasətin uğurlarının əyani təzahürüdür” söyləyən Vüqar Rəhimzadə
vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi,
Azərbaycan bu müddətdə beynəlxalq təşkilatlarla fəal əməkdaşlığını
davam etdirmiş və dünyanın aparıcı qurumları İkinci Qarabağ
müharibəsindən sonra Azərbaycanın regionumuzda yaratdığı yeni
reallıqları qəbul etmişlər: “Azərbaycanın BMT-yə üzvlüyünün 30
illiyinə həsr olunmuş tədbirin Şuşada keçirilməsi çox əlamətdar
hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT postmünaqişə dövrünün
reallıqlarını qəbul edən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ən
nüfuzlu beynəlxalq qurumdur. BMT Təhlükəsizlik Şurasının 4
qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi
olduğu və erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz
çıxarılmasının vacibliyi öz əksini tapıb. Baxmayaraq ki, sənədlər
30 ilə yaxın dövrdə kağız üzərində saralaraq ədalətli icrasını
gözlədi, amma dünya gücləri işğalçını adı ilə çağırmadan məsələnin
sülh yolu ilə həllinin mümkünlüyünü bildirərək ikili standartlara
əsaslanan siyasətləri ilə 44 günlük İkinci Qarabağ müharibəsinin
baş verməsinə səbəb oldular. Amma reallıq budur ki, BMT o zaman da
Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, bu gün də Zəfərimizin
yaratdığı reallıqları qəbul edərək ölkəmizin bu aparıcı beynəlxalq
təşkilata üzv qəbul edilməsinin 30 illiyini 2023-cü il üçün Türk
dünyasının mədəniyyət paytaxtı elan edilmiş Şuşada qeyd etdi.
BMT-nin bu addımı Ermənistanda növbəti panikaya, isterikaya səbəb
oldu.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, BMT-dən sonra ən
böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı hazırda tarixə
qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində daim ədalətli
mövqeyi ilə diqqət çəkib: “Qurumun Vətən müharibəsinin davam
etdiyi, həmçinin postmünaqişə dövründə ölkəmizə dəstəyi göz
önündədir. Qoşulmama Hərəkatına üzv dövlətlərin razılığı və dəstəyi
ilə Azərbaycanın quruma sədrlik müddətinin daha bir il uzadılması
da ölkəmizə beynəlxalq səviyyədə inam və etimadın göstəricisidir.
Xüsusi vurğulanmalıdır ki, Avropa İttifaqının təşəbbüsü ilə iki
dəfə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin
görüşlərinin keçirilməsi, Brüssel sülh gündəliyinin əsasının
qoyulması, artıq Minsk qrupu formatına ehtiyacın olmaması, ən əsası
“Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin tarixə qovuşması
Azərbaycanın beynəlxalq mövqeyinin təqdimatlarıdır.”

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyev bu
uğurlarımız fonunda bütün çıxışlarında, o cümlədən aprelin 12-də
keçirilən müşavirədəki nitqində belə bir çağırışı da etdi ki, heç
vaxt işğalı, erməni vəhşiliyini unutmamalıyıq: “Azərbaycan bu gün
tarixi Zəfərinin yaratdığı reallıqların dünyada qəbul edilməsinə
nail olmaqla yanaşı, həm də işğaldan azad edilmiş ərazilərimizdə
bərpa və quruculuq işlərini həyata keçirir. İkinci Qarabağ
müharibəsinin yaratdığı reallıqlar əsasında Azərbaycanla Ermənistan
arasında sülh müqaviləsinin imzalanması qarşıda duran əsas
məsələlərdən biridir. Bu baxımdan ki, yeni əməkdaşlıq formatlarının
yaradılması, kommunikasiyaların açılması, bölgədə sülhün və
təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanması
əsasdır. Amma bununla yanaşı, ermənilərin havadarlarının dəstəyi
ilə tarixin müxtəlif dövrlərində azərbaycanlılara qarşı
törətdikləri soyqırımlar, faciələr, insanlığa sığmayan müharibə
cinayətləri unudulmamalıdır. XX əsrin dəhşətli faciəsi olan Xocalı
soyqırımını necə unuda bilərik? 44 günlük İkinci Qarabağ
müharibəsinin davam etdiyi dövrdə erməni vəhşiliklərinin növbəti
təzahürü olan Gəncə, Bərdə, Tərtər qətliamlarını unuda bilərikmi?
Nə qədər günahsız insanlar qətlə yetirilib. Bunlar Azərbaycan
tarixinin faciəli səhifələridir. İndiki və gələcək nəsillər
tariximizi vərəqləyərkən tarixi Zəfərimizdən qürur duymaqla yanaşı,
ermənilərin necə vəhşi toplum olduqlarını, başımıza gətirdikləri
faciələri bilməlidirlər. İşğalın davam etdiyi 30 ilə yaxın dövrdə
müharibə şəraitində yaşasaq da Azərbaycan daim inkişafı, tərəqqisi,
Ermənistan isə əksinə bu və ya digər ölkədən asılılığı ilə diqqət
çəkib. Ermənistan ən kasıb ölkələr sırasında qərarlaşıb. İşğalçı
dövlətin büdcəsinin 80 faizdən çoxu iyanələr hesabına formalaşıb.
Bunu dünya görür, hər zaman müxtəlif adlar altında Ermənistana
maddi və mənəvi dəstək göstərməyə çalışırdılar. Bu dəstəklər
Ermənistanı heç zaman qalib ölkəyə çevirə bilməzdi. Başqasının
torpağına göz dikərək əsassız iddialarla yaşamağın, xülyaların sonu
məhz bugünkü reallıqlarla nəticələnməli idi. Azərbaycan Zəfəri ilə
bir daha dünyaya gücünü, qüdrətini nümayiş etdirdi.”

YAP Xətai rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin
müşavirədə səsləndirdiyi “Gələcəyə baxdıqda, mən tam əminəm ki,
Azərbaycan daha da güclənəcək. Bu gün digər məsələləri müzakirə
edərkən bir daha Azərbaycan ictimaiyyəti bunu görəcəkdir”
fikirlərini önə çəkərək Ermənistanın inkişafının özündən, qonşu
ölkələrə bundan sonrakı münasibətindən asılı olacağını xüsusi qeyd
edib: “İşğalçılıq siyasəti, qonşu dövlətlərə qarşı əsassız torpaq
iddiası ilə çıxış etmək Ermənistana çox baha başa gəldi. Bütün
enerji layihələrindən təcrid olunan Ermənistan iqtisadi böhran
içərisində çabaladı, ölkəni kütləvi tərketmələr davamlı xarakter
aldı. Müstəqilliyi formal xarakter daşıyan Ermənistan bu və ya
digər dövlətlərin əlində maraqlarının həyata keçirilməsində bir
vasitəyə çevrildi. Hazırkı postmünaqişə dövrü Ermənistana şans
verir ki, Azərbaycanla sülh müqaviləsini imzalamaqla özünün
iqtisadi vəziyyətini yaxşılaşdırsın, yeni regional və qlobal
əməkdaşlıq formatlarında iştirak etmək imkanı qazansın. Dövlət
başçısının vurğuladığı kimi, Ermənistan üçün bəlkə də bu, son
şansdır. Ya ölkə inkişaf edəcək, ya da daha ağır vəziyyətə
düşəcək.”

Vüqar Rəhimzadə diqqətə çatdırıb ki, hazırda günümüzün əsas
məsələsi olan sülh gündəliyinin reallığa çevrilməsi istiqamətində
addımların atılması ilə yanaşı, işğaldan azad edilmiş
ərazilərimizdə bərpa və quruculuq işləri də geniş miqyas alıb:
“Dövlət başçısı İlham Əliyev müşavirədəki yekun nitqində qarşıdakı
bir-iki il üçün bu torpaqlarda görüləcək işlərin miqyasını
açıqladı. Bu işlər nəqliyyat infrastrukturunun yenilənməsi,
bərpası, qaz, enerji xətlərinin çəkilişi, şəhərlərin baş
planlarının hazırlanması, ərazilərin minalardan təmizlənməsi və
Böyük Qayıdışın tezliklə reallığa çevrilməsidir. Zəngilanın Ağalı
kəndləri bu il sakinlərini qarşılayacaq. Bu il, həmçinin “Ağıllı
kənd” layihəsi çərçivəsində Füzulinin Dövlətyarlı kəndinin
yaradılmasına başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir.
Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması
layihələri hazırlanır və şəhərlərlə paralel olaraq kəndlər də bərpa
ediləcək. Bir sözlə, soydaşlarımızın öş doğma yurd-yuvalarına
qayıtmaları üçün kompleks tədbirlər görülür. Hər zaman verilən
vədin, irəli sürülən təşəbbüslərin gerçəkliyə çevrildiyinin şahidi
olan xalqımız işğaldan azad edilmiş ərazilərimizlə bağlı bütün
planların real həyatda öz əksini tapacağına əmindir.”

Teqlər: