Postmüharibə dövründə 30 minədək şəxs sosial dəstəklə əhatə olunub

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bir il bundan əvvəl Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq uğurlu hərbi əməliyyatlar keçirməklə möhtəşəm Zəfər qazandı və 30 ilə yaxın işğal altında qalmış doğma torpaqlarımızı azad etdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, müharibədən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilər, erməni terrorundan zərər çəkənlərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.

Bu tədbirlər çərçivəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərindən ibarət 7900 nəfərə 15700 sosial ödəniş (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyinatı aparılıb. Vətən müharibəsi qazilərindən artıq 2000 qaziyə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik və müvafiq sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və ya müavinət) təyin edilib.

Ötən dövrdə olduğu kimi, postmüharibə dövründə də şəhid ailələri və müharibə əlillərinə sosial ödənişlərin növbəti dəfə əhəmiyyətli şəkildə artırılması təmin edilib. Prezident İlham Əliyevin 2020-ci il dekabrın 30-da imzaladığı fərmanlarla Prezidentin aylıq təqaüdü şəhid ailəsi üçün 300 manatdan 500 manata, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün I dərəcə üzrə 250 manatdan 400, II dərəcə üzrə 230 manatdan 350, III dərəcə üzrə 210 manatdan 300, Milli Qəhrəmanlarımız üçün 1500 manatdan 1800 manata çatdırılıb. Eyni zamanda “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə 2000 manat məbləğində Prezidentin aylıq təqaüdü təsis olunub.

Şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramı postmüharibə dövründə daha da genişlənib. Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2014-2019-cu illərdə uçota alınmış şəxslərin, həmçinin 2020-ci ildə hərbi əməliyyatlar, o cümlədən Vətən müharibəsi zamanı şəhid olanların ailələrinin, bu müharibənin əlillərinin 5 il ərzində mərhələli şəkildə 11 min mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub. Onlardan 2021-ci il üzrə 3 minədək mənzil və fərdi evin (2018-ci ilə nisbətən 5 dəfə çox) təqdim edilməsi işləri aparılır və bu il üzrə artıq 1600 mənzil bu kateqoriyadan olanlara verilib. Ümumilikdə isə ötən dövrdə 11 minə yaxın şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Habelə Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin də mənzillə təmin edilməsinə başlanılıb. Avtomobillə təminat proqramının davamı olaraq, bu il daha 150-dək avtomobil, ötən dövrdə isə 7350-dək avtomobil müharibə əlillərinə təqdim olunub.

Postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər və ailə üzvləri və erməni terrorundan zərər çəkənlərdən ibarət 3 minədək ailənin 10 minədək ailə üzvünə sosial-psixoloji dəstək, Nazirliyin reabilitasiya müəssisələrində 1500 qaziyə reabilitasiya xidmətləri göstərilib. Son illərdə qurulan müasir reabilitasiya infrastrukturu bu sahədə mühüm baza rolunu oynamaqdadır.

Mühüm dəstək tədbirlərindən biri kimi, postmüharibə dövründə 142 hərbçi son nəsil yüksək texnologiyalı protezlə təmin olunub. Yuxarı ətrafları amputasiya olunmuş qazilərin də yaxın günlərdə son nəsil protezlə təminatına başlanacaq. Əlavə olaraq qeyd olunan dövrdə 1-ci və 2-ci Qarabağ müharibəsi əlillərindən 1200 şəxs 8830 reabilitasiya vasitəsi, bu il əsasən qazilərdən ibarət 770 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib.
Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri, qazilər, erməni terrorundan zərər çəkən şəxslərdən ibarət 5320 nəfər özünüməşğulluq proqramına, 530 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, 1310 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu ilin 10 iyunundan başlanan “Məşğulluq marafonu”na artıq 518 işəgötürən qoşularaq, 2641 vakansiya təqdim edib, həmin vakansiyalar üzrə artıq 765 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Şəhid ailələrinə, müharibədə yaralanmış qazilərə daha bir dəstək olaraq dövlət başçısının 25 iyun 2021-ci il tarixli Fərmanı ilə yaradılan, avqustun 23-də Bakıdakı DOST Mərkəzlərində fəaliyyətə başlayan, 7 qurum üzrə 26 xidmətin yeni innovativ müstəvidə, “bir pəncərə”dən, operativ, şəffaf şəkildə göstərildiyi Vahid Əlaqələndirmə Mərkəzlərində bu günədək müraciət edən 900-dən çox şəxsə xidmətlər göstərilib.

Eləcə də sosial dəstək paketi çərçivəsində birdəfəlik maddi yardımla, ərzaq dəstəyi ilə təminat işləri də aparılıb.

Ümumilikdə, postmüharibə dövründə hazırda da davam edən sosial dəstək tədbirləri bu günədək şəhid ailələri üzvləri, qazilər və erməni terrorundan zərər çəkənlərdən ibarət 30 minədək şəxsi əhatə edib, onlara 37 min istiqamətdə xidmət göstərilib.

Teqlər: