Fevralın 18-də Azərbaycan Respublikasının Milli Məclisinin
dəstəyi, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TURKPA) və
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı
ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində
kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda
Konfrans keçirilib.
KOBİA-dan AzerTimes-a
bildirilib ki, Milli Məclisin deputatlarının, dövlət və özəl
sektorun nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizdə
sahibkarlığın, o cümlədən KOB-ların inkişafı istiqamətində görülən
tədbirlərə, COVID-19 pandemiyasının KOB-lara təsirinə və bu sahədə
dövlət dəstəyi tədbirlərinə, post-pandemiya dövrünün prioritet
istiqamətlərinə və KOB-lara göstəriləcək dəstəyə dair fikir
mübadiləsi aparılıb.
Açılış mərasimində çıxış edən Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev KOB-ların
iqtisadiyyatın inkişafında xüsusi rol oynadığını, pandemiyanın
bütün dünyada olduğu kimi ölkəmizdə də KOB-ların fəaliyyətinə mənfi
təsir etdiyini qeyd edib, hökumətin sahibkarlara dəymiş zərərin
minimuma endirilməsi üçün müvafiq dəstək tədbirləri həyata
keçirdiyini vurğulayıb. Həmçinin, Milli Məclisin KOB-ların inkişafı
üzrə qanunvericilik sahəsində apardığı davamlı iş barədə məlumat
verilib. Hazırki konfransın tədbirin təşkilatçı qurumları arasında
yeni əməkdaşlıq formatı yaratdığını, eləcə də aparılan
müzakirələrin ölkəmiz və qardaş Türk dövlətlərinin post-pandemiya
şəraitində müvafiq istiqamətdə fəaliyyətlərinə töhfə verdiyini
bildirib.
TURKPA-nın Baş katibinin müavini, Qazaxıstan Respublikası
Parlamentinin nümayəndəsi Talğat Aduov türkdilli ölkələrin TURKPA
və digər platformalar çərçivəsində sıx əməkdaşlıq etdiklərini,
iqtisadiyyatın aparıcı qüvvəsi olan KOB-ların pandemiyadan sonrakı
dövrdə də iqtisadiyyatın bərpasına öz töhfəsini verəcəyini
vurğulayıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki,
ciddi neqativ iqtisadi və sosial təsirlərə malik olan COVİD-19
pandemiyası həm də bir sıra reallıqları ortaya çıxarıb. Bunların
arasında iqtisadiyyatların dayanıqlığının gücləndirilməsi,
gözlənilməz şoklara qarşı hazırlığın artırılması və müasir,
rəqəmsal texnologiyalara əsaslanan biznes mühitinin inkişaf
etdirilməsi xüsusilə qeyd olunmalıdır. Bu baxımdan, innovativ və
yüksək texnolojı idarəetmə yanaşmaları, “yaşıl iqtisadiyyat”
prinsipləri qarşıdakı onilliklərdə qlobal iqtisadi inkişafın və
investisiya axınlarının istiqamətini müəyyənləşdirəcək. Əksər
iqtisadiyyatlarda olduğu kimi Azərbaycanda da mikro, kiçik və orta
sahibkarlıq subyektləri bizneslərin böyük hissəsini təşkil edir.
KOBİA KOB-ların innovativ fəaliyyətinin stimullaşdırılması
məqsədilə bir neçə istiqamət üzrə çalışır və post-pandemiya
dövründə də KOB-lara dəstək davam etdiriləcəkdir.
Konfrans çərçivəsində “KOB-lar üçün dövlət dəstəyi:
qanunvericilik və proqramlar” və “KOB-lar və COVID-19 pandemiyası:
problemlər, onların alternativ və innovativ həlləri” mövzularında
panel müzakirələr təşkil olunub. Panellərdə millət vəkilləri,
dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələri mövzu
ilə bağlı fikirlərini bölüşüb, iştirakçıları maraqlandıran sualları
cavablandırıblar.