Xəbər - Fərid Zöhrabov – Trend:
Bədii gimnastika üzrə Portuqaliya Gimnastika Federasiyasının vitse-prezidenti Katarina Leandro Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə müsahibə verib.
Trend Federasiyanın mətbuat xidmətinə istinadən müsahibəni təqdim edir:
– Katarina xanım, Azərbaycana xoş gəlmisiniz. Bu sizin Bakıya ilk səfərinizdir?
– Xeyr, ikinci səfərimdir.
– Ölkəmiz haqqında təəssüratlarınızı bilmək maraqlıdır.
– Mən Bakını çox sevirəm. Paytaxtınız ecazkardır. Dünən şəhər turunda oldum və çox xoşuma gəldi. Biz burada qaldığımız üçün fərəh hissi keçiririk. İşləmək üçün gözəl şərait və imkan var.
– Necə oldu ki, təlim-məşq toplanışı üçün məhz Milli Gimnastika Arenasını seçdiniz?
– Burada gimnastlarımız mötəbər beynəlxalq yarışlara hazırlaşırlar. Azərbaycan Gimnastika Federasiyası ilə qarşılıqlı mübadilə və əməkdaşlıq bizim üçün çox vacibdir. Biz Azərbaycan Gimnastika Federasiyasının rəhbərliyinə və federasiyasının İcra Komitəsinin üzvü Mariana Vasilevaya təşəkkürümü bildirirəm.
– Portuqaliyada əsasən hansı gimnastika növləri inikişaf edib?
– İdman gimnastikası üzrə bir təmsilçimiz Olimpiya Oyunlarının iştirakçısı olub. O, reytinqdə ilk onluqda yer alır. Qazanılan nəticələrə əsasən deyərdim ki, Portuqaliyada idman gimnastikası daha çox inkişaf edib. Batut və akrobatika üzrə də dünya çempionatında nəticəmiz var. Bədii gimnastika üzrə təmsilçilərimiz isə fərdi çıxışlarda beynəlxalq yarışlarda bir neçə medal qazanıblar. Nailiyyətlərə görə Avropa reytinqində orta sıralarda yer alırıq.
– Azərbaycan və Portuqaliya arasında gimnastika sahəsində əməkdaşlığı necə dəyərləndirirsiniz?
– Ölkələrimiz arasında gimnastika sahəsində əməkdaşlığı yüksək dəyərləndirirəm. Azərbaycanda gimnastika sahəsində görülən işlər yüksək qiymətə layiqdir. Düşünürəm ki, Azərbaycan hər sahədə günü-gündən inkişaf edir. Azərbaycanın bu sahədə gördüyü işləri çox bəyənirəm.
– Azərbaycan gimnastları barədə fikirlərinizi bilmək istərdik.
– Görülən işlər yüksək səviyyədədir. Qrup komandasının hazırlığı fərqlidir, həm də məşqlərə yaradıcı yanaşma mövcuddur. Bu, mənim çox xoşuma gəlir. Fərdi gimnastlar günü-gündən təkmilləşirlər. Məncə, onlar dünyanın güclü gimnastları sırasındadırlar.