Portuqaliyada daha 14 nəfər meymunçiçəyinə yoluxub

Portuqaliyada meymunçiçəyinə daha 14 yoluxma faktı qeydə
alınıb.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Baş səhiyyə idarəsi
bildirib.

Bu günədək Portuqaliyada meymunçiçəyinə yoluxanların sayı 37
nəfərə çatıb.

Xatırladaq ki, ÜST-ün məlumatına görə, meymunçiçəyi hazırda 12
ölkədə 100-ə yaxın şəxsdə qeydə alınıb.

Qeyd edək ki, meymunçiçəyi çox nadir rast gəlinən zoonoz virus
xəstəliyidir, yəni bu xəstəlik insana əsasən heyvandan keçir. İnsan
orqanizminə zədələnmiş dəri, tənəffüs yolları, gözlər, burun və
ağzın selikli qişasından daxil ola bilər. İnsandan insana bu
xəstəlik yalnız uzunmüddətli və sıx təmas zamanı ötürülə bilər.
Xəstəliyin əsas əlamətləri üz nahiyəsindən başlayan və qısa müddət
ərzində bütün bədənə yayılan qeyri-adi irinli səpgilərdir.
Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və
ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.