Polşa ərazisinə raketlərin düşməsi ilə əlaqədar iki əsas məqam var. Rusiya raketlərin spekulyasiya məqsədi ilə NATO və Ukrayna tərəfindən atıldığını bildirir. Lakin NATO hadisə ilə bağlı Rusiyanı təqsirləndirsə də, daha təmkinli davranır. Çünki burada əsas məsələ atılan raketlərin mənşəyinin müəyyən edilməsidir.
Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin müəllimi Sadiq Akyar deyib.
Sadiq Akyar raketlərin Polşaya düşməsinin texniki nasazlıq ucbatından ola biləcəyi versiyasının daha real olduğunu vurğulayıb:
“Fikrimcə, raketlərin mənşəyi tam müəyyən olunduqdan sonra onun Rusiya istehsalı olduğu ortaya çıxacaq. Çünki Ukraynada hələ də Rusiyanın istehsalı olan silahlar mövcuddur. Böyük ehtimal bu raketlər Ukrayna tərəfindən atılıb, lakin texniki səbəblər üzündən nəzarətdən çıxıb. Hətta hərbi terminologiyada buna “dəli raket” də deyirlər. Misal kimi deyə bilərəm ki, 2019-cu ilin iyulunda Lefkoşa ilə Girnə arasındakı əraziyə də raket düşmüşdü. Raket Rusiya istehsalı idi və Suriyadan atıldıqdan sonra nəzarətdən çıxmışdı. Sözügedən hadisə də bəhs etdiyimiz şəkildə qiymətləndirildi. Raketlərin növünə də diqqət yetirmək lazımdır. Raketlərin atılması siyasi baxımdan böyük əks-səda doğurdu və xüsusilə Şərqi Avropa ilə Baltik ölkələri də öz ərazi bütövlükləri ilə bağlı narahatlıq keçirdi. Bu raketlərin Rusiyanın atdığı hansısa raketi vurmaq məqsədilə buraxılması (S-300 raketi olması – red.) versiyasını da doğru hesab etmirəm. Çünki Rusiya indiyədək həmin ərazilərə raket atmayıb və ata da bilməz. Yuxarıda da qeyd etdiyim kimi, böyük ehtimal hansısa bir məqsədlə atılmış raketlər nəzarətdən çıxıb və səhvən Polşa ərazisinə düşüb, yaxud spekulyasiya məqsədilə Ukraynadan atılıb. Qarşıdakı günlərdə NATO-nun yüksək səviyyəli toplantılarının olacağını düşünürəm. Co Bayden isə Polşa ilə birlikdə işləyəcəklərini və araşdırma tam bitdikdən sonra hazırlanan hesabat əsasında atılacaq addımlarla bağlı qərar qəbul edəcəklərini bildirib”.
Qeyd edək ki, ötən gün Polşaya düşən iki raket nəticəsində iki mülki şəxs ölüb. Polşa hadisəyə görə Rusiyanı günahlandırıb. Rusiya isə ittihamı qəti şəkildə təkzib edib və raketlərin Ukrayna S-300 sistemindən buraxıldığını bildirib.