Polşa hakimiyyəti mart ayında koronavirus epidemiyasının üçüncü dalğası səbəbindən tətbiq olunan məhdudiyyətlərin ləğvinin ikinci mərhələsinə başlanır.
Trend TASS-a istinadən xəbər verir ki, ölkə sakinləri son altı həftə ərzində ilk dəfə geyim, texnika və ya digər ilkin tələbata aid olmayan mallar almaq üçün ticarət mərkəzlərinə gedə biləcəklər. Bununla birgə sənət qalereyaları və muzeylər də fəaliyyətini bərpa edir.
Mayın 8-dən etibarən otellərin fəaliyyət göstərməsinə və mənzillərin qısa müddətə icarəyə verilməsinə icazə verilir.
Mayın 15-də restoranlar və kafelər işə davam edə biləcəklər, lakin 29 maya qədər ziyarətçilərə yalnız açıq teraslarda və verandalarda xidmət etmək mümkün olacaq.
May ayının ortalarında açıq havada olan kinoteatr və teatrlarının açılması, həmçinin 25 nəfərədək qonaq olması şərti ilə açıq havada keçirilən toy kimi ailə tədbirlərinə icazə verilməsi planlaşdırılır.
Orta məktəblərdə aşağı siniflər sanitar təhlükəsizlik tədbirlərinə uyğun olaraq yenidən dərsə başlaya biləcəklər. Mayın 15-dən etibarən orta sinif şagirdləri onlara qoşulacaq və mayın 29-dək bütün məktəblilərin açılması nəzərdə tutulur. Respublikada tədris ili iyun ayının sonuna qədər davam edəcək.
Hazırda Polşaya gələn hər kəs 10 günlük təcriddən keçməlidir. Koronavirusa qarşı aşılanmış və ya Aİ-də gəlişindən 48 saatdan gec olmayaraq alınan mənfi koronavirus testi sertifikatı olanlar, diplomatlar, balıqçılar, dənizçilər, yük maşını sürücüləri, həkimlər, həmçinin tələbələr və idman tədbirlərinin iştirakçıları təcriddən azad edilirlər.