Polşada rəqibin gücünü hiss etdik – Qurbanov

Polşada rəqibin gücünü hiss etdik – Qurbanov

Çox vacib oyundur. Bəlkə də belə matçları əvvəlki illərdə 3-4-cü mərhələdə keçirirdik. Bu dəfə isə ilk raunddaca layiqli komanda düşdü. Polşadakı matçda rəqibin gücünü hiss etdik.

AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov evdə Polşa “Lex”inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında bildirib.

“Yeni sistemdə səfər qolu qaydası yoxdur. Çox istərdik ki, 90 dəqiqə ərzində hər şey bizim xeyrimizə olsun. İlk matçla müqayisədə heyətlə bağlı dəyişiklik ola bilər. Komandam yaxşı oyuna hazırdır. Biz futbolçu döyüşçülərik. İnanıram ki, əvvəlki aqressiyanı meydanda yenə göstərəcəyik”, – Qurbanov qeyd edib.

Qurbanov ilk oyundakı nəticəyə görə narahatlıq olmadığını vurğulayıb:

“Hər hansı basqı yoxdur. Əvvəl də belə hallarla üzləşmişik. Sadəcə, futbolçulara qarşı inamsızlıq mənə təsir edə bilər. İnanmıram ki, kiminsə bizə qarşı fərqli fikri olsun. Düşünürəm ki, hər kəs uğur qazanmağımız üçün çalışır. Əsas odur ki, futbolçular onlara qarşı inamsızlıq olduğunu hiss etməsinlər”.

Qeyd edək ki, iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Poznandakı ilk oyunda “Qarabağ” rəqibinə minimal hesabla uduzub – 0:1.

Teqlər: