Polşa Respublikasının Prezidenti Andjey Duda Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.
Trend xəbər verir ki, görüşdə Mərkəzin üzvləri – Xorvatiyanın
sabiq Prezidenti Kolinda Qrabar-Kitarovic, Robert F.Kennedy İnsan
Hüquqları Fondunun Prezidenti Kerry Kennedy, “ExxonMobil”
şirkətinin vitse-prezidenti Jan Baderşnayder, Ukraynanın sabiq
birinci xanımı Katerina Yuşşenko, Bolqarıstanın sabiq Prezidenti
Petar Stoyanov, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni,
Bosniya və Herseqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya,
Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili, Çexiya
Respublikasının sabiq Baş naziri Yan Fişer, Amerika Xarici Əlaqələr
Komissiyasının Prezidenti Suzan Elliott, Mərkəzin baş katibi Rövşən
Muradov və baş katibin müavini İlahə İbrahimli iştirak ediblər.
Görüşün əvvəlində Prezident Andjey Duda Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin üzvlərinə bu çətin dövrdə göstərdikləri
dəstəyin və həmrəyliyin əhəmiyyətini vurğulayaraq öz təşəkkürünü
bildirib. Hazırda regionda baş verən və bütün Avropanın gələcəyinə
təsir edən Ukrayna müharibəsi və müharibənin ərzaq
təhlükəsizliyinə, beynəlxalq nizama etdiyi təsir və təhlükə görüşün
əsas müzakirəsinə çevrilib. Prezident bu müharibənin təkcə
Avropanın deyil, bütün dünya ölkələrinin başlıca problemi olduğunu
vurğulayıb.
Mərkəzin üzvləri Polşa xalqının yaranmış qaçqın böhranının
həllində oynadığı önəmli rolu vurğulayaraq Prezidentə
minnətdarlıqlarını bildirib və bu istiqamətdə lazımi dəstəyi
göstərəcəklərini bildiriblər.
Sonra müəllifi Mərkəzin həmsədri xanım Vayra Vike-Freyberqa olan
“Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər”,
Mərkəzin təşəbbüsü ilə nəşr olunmuş “Qələmin sehri, Nizami
Gəncəvinin Xəmsəsindən seçilmiş əlyazmalar” adlı kitab Polşa
Prezidentinə təqdim olunub.
Daha sonra qonaqlar Polşa Prezidentini qarşıdan gələn 9-cu
Qlobal Bakı Forumunda iştirak üçün Bakıya dəvət ediblər.
Görüşün sonunda Prezident Duda qonaqlarla xatirə şəkli
çəkdirib.