Bu gün öz meydançamızda, eyni zamanda sərin havada çox gözəl oyun keçdi. Bəhlulun qolu Avropa futbolu keyfiyyətində bir qol idi.
AzerTimes xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda Cəbəllütariq təmsilçisi “Linkoln”la oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Klub rəhbəri II təsnifat mərhələsində rəqibləri olan Polşanın “Rakuv” komandası haqqında da danışıb:
“Daha əvvəl üç dəfə bu ölkənin təmsilçiləri ilə üz-üzə gəlmişik. Artıq Avropada zəif klub yoxdur. Bu qitədə mindən çox komanda var və onların arasında ən yaxşıları bu turnirdə mübarizə aparır. Rəqibimiz güclüdür. Polşa mətbuatı yazır ki, “Qarabağ” kabusu qayıdır. Mən də səfərdəki oyunda olacağam. Bakıya qələbə ilə qayıtmaq niyyətindəyik”.
Tahir Gözəl bu gün üçün transfer planlaşdırılmadığını diqqətə çatdırıb: “Kevin Medinanın Türkiyənin “Rizespor” klubuna keçidi baş tutarsa, onun yerinə oyunçu ala bilərik. Yerli klubların güclənməsi də bizi sevindirir. Onların qarşısında daha güclü “Qarabağ” var. Avrokubokda bacardığımız qədər irəli getmək istəyirik”.