Politoloq və ekspertlər KTMT-nin Qazaxıstana daxil olmasını qanunsuz sayır – ŞƏRH

Qazaxıstanda yanvarın 2-də əhali maye qazın ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıb. Etiraz aksiyası ölkənin qərb hissəsindəki Mangistau vilayətində başlasa da daha sonra digər şəhərlərə də yayıldı.

Nəticə olaraq hökumət tərəfindən qiymətlər endirildi və bununla da iğtişaşların səngiyəcəyi gözlənilirdi. Lakin gözlənilən baş tutmadı.

Vəziyyətin daha da gərginləşməsi ilə əlaqədar bütün ölkədə fövqəladə vəziyyət elan edildi. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin davam edən iğtişaşlarla mübarizə üçün antiterror əməliyyatlarına başladığını bildirdi. Yanvarın 19-dək davam edəcək fövqəladə vəziyyət özündə saat 23:00-dan 07:00-dək komendant saatı, hərəkət azadlığının məhdudlaşdırılması və s. ehtiva edir.

Yanvarın 5-də Qazaxıstan ölkə başçısı hökuməti istefaya göndərdi.

Həmçinin, Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən kənarlaşdırıldı.

Kasım -Jomart Tokayevin müraciəti əsasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vahid sülhməramlı kontingentinin bölmələri asayişin bərpasına kömək etmək və ölkənin strateji obyektlərinin qorunmasına kömək adı ilə Qazaxıstana gəldi.

Kollektiv qüvvələrin tərkibinə Rusiya, Belarus, Ermənistan, Tacikistan və Qırğızıstan Silahlı Qüvvələrinin bölmələri daxildir. İlkin açıqlanan siyahıya əsasən, Qazaxıstana göndərilən sülhməramlı qüvvələrin tərkibinə Rusiyadan, Belarusdan, Tacikistandan və Ermənistandan olan 4 mindən çox hərbçi daxildir.

Onların əsas tapşırıqları dövlət və hərbi obyektlərin qorunması, vəziyyətin sabitləşməsində kömək göstərilməsidir.

Ancaq bu qərar bir çox yerlərdə hətta KTMT-yə üzv olan dövlətlərdə də müzakirələrə səbəb oldu. Sülhməramlı missiyanın qanunsuz əsaslarla Qazaxıstana daxil olduğu vurğulanır, sülhməramlıların əsl məramı barədə olduqca maraqlı suallar ortaya çıxır. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sülhməramlı kontingent adı altında Qazaxıstana daxil olması qanunaziddir. Bunun KTMT-nin öz nizamnaməsinə zidd addım olduğu bildirilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən politoloq Tural İsmayılov bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnəməsinin bəndlərinin birində KTMT-nin üzvü olan dövlətlərə hansısa xarici hərbi müdaxilə olarsa, bu zaman digər dövlətlərin onun müdafiəsinə kömək etməsilə bağlı göstərişlər var.

“Lakin Qazaxıstana hazırda xaricdən heç bir müdaxilə olmayıb və bütün bunların fonunda KTMT-nın Qazaxıstan prezidenti Kasım Jomart Tokayevin müraciətini əsas gətirərək Qazaxıstana böyük kontingentlə daxil olması beynəlxalq aləmdə də ciddi reaksiya doğurur. Ümumilikdə, Qazaxıstandakı hadisələr soyuq başla düşünməyi tələb edir. Necə olur ki, qısa müddət ərzində Qazaxıstan kimi ictimai sabitliyi olan ölkədə, ərazisi böyük olsa da əhalisinin sayı o qədər də çox olmayan Mərkəzi Asiya ölkəsində birdən-birə təhlükəsizlik qüvvələri lokal etiraz aksiyalarında terrorçuların peyda olunmağının qarşısını ala bilmədi”, – deyə o qeyd edib.

Politoloq, həmçinin bildirib ki, Qazaxıstan kifayət qədər güclü iqtisadi və siyasi əsası olan ölkələrdən biridir.

“Düşünürəm ki, KTMT-yə müraciət edib onun qoşununu ölkəyə dəvət etmədən də bu prosesi həll etmək olardı. İstənilən halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbçilərinin Qazaxıstanda bundan sonra özlərini necə aparacağı diqqətlə izlənilir. Əgər insanlara qarşı xüsusi qəddarlıq olacaqsa, bu, 1990-cı il 20 yanvarda SSRİ ordusunun quldur dəstələrinin Bakıya daxil olması ilə eyni xarakterizə olunacaq. Bütövlükdə isə Qazaxıstanda ictimai-siyasi sabitlik bərqərar olduqdan sonra KTMT sülhməramlıları oradan çıxmalıdır və burada maraqlı olan ikinci sual isə onların Qazaxıstanı nə zaman tərk edəcəyidir”, – deyə o vurğulayıb.

“Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev Trend-ə açıqlamasında bildirib ki, Qazaxıstanda baş verən hadisələr bu ölkənin süveren daxili işi kimi qəbul edilməli olduğu halda , KTMT- nin qəbul etdiyi müdaxilə qərarı Qazaxıstanın süverenlik prinsipi ilə zidd nəticələr ortaya çıxarır.

“Qazaxıstan hadisələrinin heç şübhəsiz ki, daxili sosial-iqtisadi və siyasi kökləri yox deyil və daxili gərginliyin yaranmasında bu faktor müəyyən rol oynadı. O da məlumdur ki, Qazaxıstan çox əhəmiyyətli geosiyasi mövqe tutduğu və mühüm ehtiyatlara malik olduğu üçün burada müxtəlif dünya qüvvələrinin toqquşan maraqları özünü bariz şəkildə göstərdi. Müəyyən beynəlxalq qüvvələrin bu ölkədə baş verən proseslərdən istifadə etmək niyyətləri olsa da, bu, heç bir halda KTMT rəhbərliyinin süveren ölkəyə hərbi qüvvə yeritməsinə əsas ola bilməzdi. KTMT – nin hərbi-siyasi moderatorlarının Qazaxıstana münasibətdə təşkilatın nizamnamə prinsiplərindən sui-istifadə etdiyinə, hətta qərəzli tətbiq etdiyinə dair ciddi şübhələr var. Süveren Qazaxıstana hərbi qüvvə yeridilməsi barədə qərarın bu təşkilatın Təhlükəsizlik Şurasına Ermənistanın sədrlik etdiyi dövrdə baş verməsi diqqət çəkən həssas bir məqamdır. Cəmi bir il əvvəl Qazaxıstanın da fəal siyasi dəstək verdiyi müharibədə Azərbaycanın ağır məğlub etdiyi Ermənistanın belə qərar verməsi KTMT- nin türk əsilli dövlətdən qisas almaq üçün alətə çevrildiyi barədə ehtimallara yol açır. Konkret desək, Ermənistan rəhbərliyi bu qərarın verilməsinə təsir göstərməklə Qazaxıstandan köhnə qisası almış kimi görünür”, – deyə o qeyd edib.

A.Quliyevin sözlərinə görə, KTMT kobud hərbi müdaxilə sayəsində Qazaxıstanın son illər xeyli irəli getmiş beynəlxalq nüfuzuna ağır zərbə vurdu.

“KTMT hərbi müdaxilənin əvəzinə, Qazaxıstanın faktiki hakimiyyəti ilə etirazçıların dinc dialoqunun reallaşmasına qədər müşahidəçi mövqe tutmalı idi. KTMT özünün bütün tarixi ərzində nizamnamənin 4-cü maddəsinə ilk dəfə, həm də yanlış şəkildə istinad etdi. Qazaxıstana müdaxilə KTMT-nin tarixində ən ağır məsuliyyətli addım kimi qalacaq. Son bir ildə şahidi olduq ki, Ermənistan ilk dəfə KTMT-ni Azərbaycana qarşı qisas və cəza alətinə çevirməyə cəhd göstərsə də, tam iflasa uğradı. KTMT-ni bu təşkilatın öz üzvlərinə qarşı cəza maxanizminə çevirmək siyasəti məhz Ermənistanın sədrliyi dövründə baş tutdu və təəssüf ki, bu sarıdan hədəf ölkə olaraq məhz Qazaxıstan seçildi. Əslində, Qazaxıstana hərbi müdaxilə KTMT-nin özünün də nüfuzunu heçə endirdi.

KTMT-nin yanlış Qazaxıstan qərarı postsovet məkanı üçün təhlükəli presedent yaradır. Təhlillər göstərir ki, bu təşkilatın nüfuzu üçün əsas məsuliyyəti daşıyan ölkələr KTMT-nin Qazaxıstanla bağlı yanlış siyasətə yönəldilməsinin bütün hallarını araşdıracaqlar. KTMT-nin postsovet məkanında bir daha addım atması onun öz perspektivi üçün dağıdıcı proseslərə yol aça bilər”, – deyə o bildirib.

Politoloq İlyas Hüseynov isə Trend-də açıqlamasında qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qoşunlarının Qazaxıstana yeridilməsi qeyri-qanuni bir haldır.

“Çünki təşkilatın nizamnaməsinə görə, üzv dövlətlər yalnız kənar təsirlərdən, işğallardan qorunmaq üçün hərbi-siyasi platformada birləşirlər. Lakin Qazaxıstanda vəziyyətin idarəolunmaz hala gəlməsi səbəbindən ölkə başçısı Kasım Tokayev bu addımı atıb. Eyni zamanda, maraqlıdır ki, KTMT-nin sədri funksiyasını yerinə yetirən Ermənistanın baş naziri Nikol Paşinyan da tələsik belə bir qərarın verilməsi ilə bağlı xüsusi müşavirə keçirdi. Hesab edirəm ki, Paşinyanın bu qərarı KTMT-nin beynəlxalq nüfuzunun aşağı salınmasına xidmət edir”, – deyə İ.Hüseynov əlavə edib.

Onun sözlərinə görə, hazırkı proseslərlə 1990-cı ilin 20 yanvarında Azərbaycanda baş verən proseslər arasında müəyyən oxşarlıq elementlər də görnür.

“O zaman kütlələrin arasına daxil olan təxribatçı qüvvələr, müxtəlif simulyatorlar əhalini meydanlara çıxmağa təşviq edir və bununla da daha böyük izdihamın baş veriməsinə çalışırdılar. Həmin ssenari Qazaxıstanın Manğıstay və Almatı vilayətlərində baş verən hadisələrində də görünür. Hadisələrin mərkəzi kimi Almatının seçilməsi təsadüfi deyil. Çünki bura Qazaxıstanın mədəni paytaxtı hesab olunur. Digər tərəfdən, mədəni elitanın burada toplaşması sosial narazılıq elementlərinin qabaqcadan işlənərək siyasi texnoloqlar tərəfindən irəli sürüldüyünə dəlalət edir. Düşünürəm ki, hadisələr tezliklə yekunlaşacaq, Qazaxıstanın dövlətçiliyi böhran vəziyyətindən çıxacaq və inkişaf dövrünə qədəm qoyacaq”, – deyə İ.Hüseynov vurğulayıb.

Teqlər: