Politoloq “Krokus” teraktından danışdı: Kremlin sifarişi ilə…

Politoloq “Krokus” teraktından danışdı: Kremlin sifarişi ilə…

Rusiyanın paytaxtı Moskva şəhərindəki “Krokus Siti Holl” kompleksində baş verən teraktdan sonra bəzi ekspertlər 2002-ci ilin oktyabrında Moskvanın “Dubrovka” teatrında törədilən terror aktını xatırladaraq paralellər aparır. Belə ki, 23 yaşlı çeçen Movsar Barayevin başçılıq etdiyi 40 nəfərdən ibarət silahlı dəstə (döyüşçülərdən bəziləri çeçen qızları idi) “Dubrovka” teatrını 800-dən artıq tamaşaçı ilə birlikdə ələ keçirərək, kompleksə bütün perimetr boyunca partlayıcı maddələr yerləşdirmişdi. Həmin vaxt girov düşənlər teatra “Nord-Ost” musiqi proqramına baxmağa gələn tamaşaçılar idi. Hətta girov götürülənlərin arasında Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin keçmiş prezidenti Cahangir Əsgərovun ailə üzvləri də vardı.

Maraqlıdır, “Krokus Siti Holl” teraktı ilə “Dubrovka” faciəsi arasında bənzərlik varmı?

AzerTimes xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, həm “Krokus Siti Holl” teraktı, həm də “Dubrovka” faciəsi mahiyyət etibarilə eynidir:

“Yəni hər iki hadisə teraktdır. Qeyd edilən hadisələr arasında ona görə paralellik aparılır ki, hər ikisində mülki şəxslər həyatını itirib.

“Dubrovka” faciəsi çeçen “mücahidlərin” Çeçenistanın işğalına və ümumilikdə Rusiyaya qarşı etirazı idi. Düzdür, ruslar da Çeçenistanda minlərlə mülki şəxsi öldürüb. Bu mənada çeçenlər də bənzər addımı ataraq Rusiyanı qorxutmağa çalışırdı”.

Politoloq qeyd edib ki, Rusiya “Krokus” teraktından istifadə edəcək:

“Kreml bu hadisə fonunda Ukraynadakı əməliyyatları intensivləşdirəcək. Əslində, bu kimi hadisələr daxili auditoriyanın müharibəyə diqqətini artırır. Hətta müxalif düşüncəyə sahib insanlar da belə halda müharibə çağırışları edirlər. Hesab edirəm, Putin bundan istifadə edəcək və Ukrayna ilə müharibədə daxili auditoriyanın, hətta müxalifətin dəstəyini alacaq. O ki qaldı hadisənin Kreml sifarişi ilə törədilməsinə, bu, inandırcı deyil. Prinsip etibarilə Rusiyada bənzər təcrübələr var, lakin indiki məqamda belə böyük bir hadisənin törədilməsi qarşısıalınmaz proseslərə səbəb ola bilərdi.

Bu gün faktiki olaraq Rusiyanın paytaxtına hücumlar edilir. Rusiya bunu nüvə silahından, ya da ən azından taktiki ballistik raketlərdən istifadə etmək üçün əsas görə bilər. Bu isə Ukrayna üçün çox ciddi tələfata səbəb olar”.

Teqlər: