Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinə
qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik
vasitələri 2 nəfərin satmaq məqsədi ilə əldə etdiyi barədə
əməliyyat məlumatı daxil olub.
Həmin şəxslərin saxlanılması istiqamətində Baş İdarənin
əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri hazırlaraq həyata
keçirilib. Onlardan biri əvvəllər də narkotiklərin qanunsuz
dövriyyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Vüqar Cəfərov
polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onun əlindəki
bağlamaya baxış zamanı ümumilikdə 32 kiloqram, o cümlədən 22
kiloqram marixuana, 4 kiloqram heroin, 6 kiloqram psixotrop maddə
metamfetamin və 1600 ədəd metadon həbi aşkar edilib. Vüqar
Cəfərovla birlikdə narkotik vasitələrin qanunsuz dövriyyəsində
əlbir olan Rövşən Qasımov saxlanılan zaman polis əməkdaşlarına
müqavimət göstərərək idarə etdiyi “Opel” markalı avtomobillə
qaçmağa cəhd göstərsə də polislər buna imkan verməyib. Polisə tabe
olmayan həmin şəxs üzərində olan odlu silahla polis əməkdaşlarına
atəş açaraq onların həyat və sağlamlığına böyük təhlükə yaradıb.
Polislər xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən
Qasımovdan könüllü təslim olmasını tələb ediblər. Buna baxmayaraq
həmin şəxs müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd
göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində
saxlanılıb. Rövşən Qasımova ilkin tibbi yardım edilib və o,
xəstəxanaya yerləşdirilib. Ondan 1 ədəd “Makarov” marakalı tapança,
patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik
vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik
kartlar və elektron tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət
işi başlanılıb, araşdırmalar davam etdirilir.