Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində monitorinqlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən AzerTimes-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Mingəçevir su anbarının Alazan adlanan ərazisindən Ayı Buxtası adlanan əraziyə kimi məsafədə quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb. Monitorinq zamanı balıq ovu ilə məşğul olan Yevlax şəhər sakinləri Nicat Əliyev və İlqar Məmmədov saxlanılaraq, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri onların diqqətinə çatdırılmaqla xəbərdarlıq edilib.
Vaxtaşırı olaraq keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyən edilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.
Bu istiqamətdə tədbirlər davam etdirilir.