Polis meşələrdə ağacları kütləvi şəkildə kəsən dəstə üzvlərinə qarşı əməliyyat keçirib (FOTO/VİDEO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə
İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə
ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi
və emal edilməsi ilə məşğul olan daha bir mütəşəkkil dəstənin
üzvlərinin saxlanılması istiqamətində əməliyyat keçirib.

Trend xəbər verir ki,
Baş İdarəyə Astara və Lerik rayonları ərazisində qiymətli ağac
növlərinin qanunsuz olaraq kütləvi şəkildə kəsilməsi barədə
əməliyyat məlumatları daxil olub. Həmin məlumatlar Baş İdarədə
nəzarətə götürülməklə hərtərəfli araşdırılıb və qeyd edilən
ərazilərdə palıd və fıstıq ağaclarının kəsildiyi müəyyən
edilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin
ağacların Astara rayon sakinləri Sərdar Gənciyev və Sərhad
Eynullayevin başçılıq etdiyi mütəşəkkil dəstə üzvləri tərəfindən
kəsildiyi məlum olub. Baş İdarənin əməkdaşları tərəfindən həyata
keçirilən əməliyat nəticəsində adları çəkilən şəxslər və onlara
ağacların kəsilməsində yaxından köməklik edən dəstənin digər
üzvləri Fərman Fərziyev, Aiəddin Novruzov, Nurlan Cövziyev, qohumu
Surxay Cövziyev, Rahid Gənciyev və Nail Zəbiyevin saxlanılması
təmin edilib. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları
kəsməsi və satması təkzibedilməz faktlarla sübuta yetirilib.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları
kəsərək dəstə üzvü Fərman Fərziyevin həyətində emal edəndən sonra
satışını həyata keçiriblər. Dəstə üzvlərinin qanunsuz olaraq ağac
emalı sexlərinə satdıqları çoxlu sayda ağacın və onların
oduncaqlarının yeri də müəyyən edilib. Ekspertlərin verdiyi rəyə
əsasən dəstə üzvləri tərəfindən yaş halda kəsilən ağaclardan
bəzilərinin yaşının 100-150 il olduğu məlum olub.


Qeyd olunan faktla bağlı Baş İdarənində Cinayət Məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda qeyd edilən
faktların tam, hərtərəfli araşdırılması, eləcə də ağacların
kəsilməsində iştirak edən dəstənin digər üzvlərinin saxlanılması
istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam
etdirilir.

Teqlər: