Xəbər - Samir Əli – Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon Polis İdarəsindən silah oğurlamaqda təqsirləndirilən sabiq polis əməkdaşları Musa Allahverdiyev və Elxan Mustafayevin işi üzrə məhkəmə prosesi keçirilib.
AzerTimes-ın məlumatına görə, prosesdə ittiham aktı elan olunub. Təqsirləndirilən şəxslərdən olan Elxan Mustafayev özünü ittihamlarla təqsirli bilməyib. O qeyd edib ki, silahın oğurlanmasından və harada saxlanmasından məlumatsız olub.
İttiham aktında bildirilir ki, 2020-ci ilin dekabr ayında Sabunçu rayon Polis İdarəsində “Zəfər K” tapançalarından biri yoxa çıxıb.
Həmin vaxt Bakı şəhər Baş Polis İdarəsi tərəfindən Sabunçu rayon Polis İdarəsində aparılan yoxlama zamanı məlum olub ki, silahların sayında əskiklik var. 4 aylıq axtarışlardan sonra 2021-ci ilin aprel ayında Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Musa Allahverdiyev və idarənin Post-Patrul Xidmətinin əməkdaşı Elxan Mustafayev şübhəli şəxs qismində saxlanılıblar.
Sabiq polis işçilərinə CM-in 228.1 (qanunsuz silah saxlama) və 232.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə odlu silahı, döyüş sursatını, partlayıcı maddələri talama) maddələrilə ittiham verilib.
Cinayət işinin materiallarında göstrilir ki, polis əməkdaşı Musa Allahverdiyev polis idarəsinin növbətçi hissəsindəki saxlanc yerindən silahı götürüb, dostu Elxan Mustafayevin bağında gizlədib. Silahın olduğu çantada tapançadan əlavə, qandal, dəyənək və s. də olub.
İbtidai istintaqa ifadəsində M.Allahverdiyev deyib ki, pula ehtiyacı olduğu üçün silahı götürüb və onu satmaq istəyib. Onun sözlərinə görə, bağa apardığı çantanın içində tapança olmasından E.Mustafayev xəbərsiz olub.
Proses davam edir.