Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Belə ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə əlaqədar Azərbaycan polisi mayın 5-dən 25-dək gücləndirilmiş iş rejimində çalışacaq.
Əmrə əsasən, respublikamızda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ərəfəsində və dövründə yerli və əcnəbi qonaqların təhlükəsizliyinin təmini, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrası məqsədilə həmin müddətdə DİN-in bilavasitə tabe qurumlarının, ərazi polis orqanlarının və nizami polis hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq. Əmrdə, həmçinin bildirilir ki, İslamiada ərəfəsində və keçirildiyi müddətdə ictimai yerlərdə və küçələrdə post-patrul xidməti naryadlarının sayı artırılacaq, avtomobil yollarında hərəkətin təhlükəsizliyi üçün bütün qüvvə və imkanlar səfərbər ediləcək, mühüm əhəmiyyətli obyektlərin, o cümlədən xarici ölkələrin diplomatik nümayəndəliklərinin mühafizəsi ciddi nəzarətdə saxlanılacaq, həmçinin bütün strateji əhəmiyyətli obyektlərin, o cümlədən su, hava, dəmiryolu nəqliyyatının, avtovağzalların, limanların, metropolitenin, xarici ölkələrin diplomatik nümayəndəliklərinin, qonaqların və idmançıların yaşayacaqları mehmanxanaların mühafizəsi daha da gücləndiriləcək.
Respublikanın daxili işlər orqanlarının əməkdaşları may ayının 5-dən 25-dək gücləndirilmiş iş rejimində çalışacaq.
Xatırladaq ki, İslam Oyunlarının rəsmi açılış mərasimi mayın 12-də keçiriləcək. Lakin yarışlara mayın 8-də start veriləcək. Mayın 22-də Oyunların bağlanış mərasimi keçiriləcək.