Polis əməkdaşları qapalı məkanlarda və ictimai nəqliyyatda reydlər keçirib (FOTO/VİDEO)

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakı şəhərində polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının geniş miqyasda yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

Trend xəbər verir ki, nəzarət-profilaktik tədbirə mülki geyimli polis əməkdaşları da cəlb ediliblər

İlk tədbir paytaxtın Suraxanı rayonu ərazisində baş tutub. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən qapalı məkanlarda və avtobuslarda maskalardan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunub. Maskadan istifadə etməyən sürücü və sərnişinlər avtobuslardan düşürülüb onlar barəsində qanunauyğun tədbir görülüb. Həmçinin Suraxanı rayonunda qapalı məkanlarda sanitar-karantin qaydalarını pozan şəxslər də müəyyən edilərək barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Analoji tədbirlər paytaxtın Binəqədi, Xətai Sabuçu, Nəsimi, Pirallahı və digər rayonlarında da həyata keçirilib. Polis əməkdaşları tərəfindən ictimai nəqliyyat vasitələrində aparılan yoxlamalar zamanı pandemiya qaydalarına əməl etməyən şəxs aşkar edib və onlarla profilaktik söhbətlər aparıblar. Pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda sərnişinlərin maskadan istifadə etməsinə nəzarət etməli olan sürücülərə də xəbərdarlıq edilib. Sonuncu profilaktik tədbirlər zamanı mülki geyimli polis əməkdaşları da nəzarət-profilaktik tədbirə cəlb ediliblər.


Qeyd edək ki, profilaktik tədbirlər təkcə Bakı şəhərində yox, ölkənin digər böyük şəhər və bölgələrdə də keçirilib.

Vətəndaşlarımızdan bir daha xahiş və tələb edirik ki, koronavirusun yayılmasına imkan verməmək üçün karantin rejimi qaydalarına əməl etsinlər, özlərinin və digər şəxslərin sağlamlıqlarına biganə yanaşmasınlar.

Teqlər: