Daxili İşlər Nazirliyi Bakıda naməlum şəxsin avtobus sürücüsü və sərnişinlərin üzərinə silah çəkməsi xəbərinə münasibət bildirib.
Nazirlikdən verilən məlumata görə, avqustun 18-də saat 20 radələrində Binəqədi RPİ 7-ci Polis Bölməsinə zəng edən şəxs A.Məmmədov küçəsindəki dayanacaqda 85 saylı xətt avtobusuna minmiş naməlum şəxsin üzərində olan tapança ilə sürücüyə hədə-qorxu gəlməsini bildirib.
Dərhal görülən tədbirlərlə sürücü Şamaxı rayon sakini Gülağa Xudaverdiyevə qarşı odlu silaha bənzər əşya nümayiş etdirməklə xuliqanlıq edənin şəxsiyyəti müəyyən edilib və hazırda onun yaxalanması üçün zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.