Poladov elə oynayır ki, film ləğv edilir, Balayev çağırılır…

Poladov elə oynayır ki, film ləğv edilir, Balayev çağırılır…

1974-cü ildə ekranlara rejissor Rasim Ocaqovun və şair Zeynal Xəlilin eyniadlı pyesinin əsasında Mixail Maklyarski və Kirill Rapoportun ssenari müəllifi olan “Qatır Məmməd” filmi çıxır. Film 1919–1920-ci illərdə Gəncə quberniyasında Azərbaycan Cümhuriyyətinə qarşı üsyan edən Məmməd Əli oğlu Məmmədov (Qatır Məmməd) haqqındadır.

Bu yazım Qatır Məmmədi öldürən, Cümhuriyyət ordusunun xüsusi yetişdirdiyi, filmdə Əziz adı ilə təqdim edilən Teymur bəy Novruzov barədədir.

Cümhuriyyət ordusunun zabiti Teymur bəy Mirzə Hacı bəy oğlu Azərbaycan Cümhuriyyətinin 1919-cu il iki avqust tarixli əmrilə ordudakı əla xidmətlərinə görə general-mayor rütbəsi alıb. O, 20 aprel 1880-ci ildə Qazax qəzasının Qovlar kəndində anadan olmuşdu. 1898-ci ildə hərbi xidmətə başlamışdı, siravi əsgərlikdən general-mayor rütbəsinədək yüksəlmişdi.

DİFAİ üzvü olan Teymur bəy xüsusi kəşfiyyat kursu keçmişdi. Gürcüstan, Türkiyə və Rusiyada təlimlərdə iştirak etmişdi. Rus, gürcü, alman dillərini mükəmməl bilirdi.

Atıcılıq üzrə bütün normativləri yerinə yetirdiyinə görə orduda xüsusi çəkisi olub. Minaların zərərsizləşdirilməsi, snayper və teleqraf xətlərinin qurulması üzrə yüksək təhsil alıb. 1905-ci ildə Qoridə kəşfiyyat alayında xidmət edib. Rusiya ordusunda xidmətlərinə görə dəfələrlə mükafata layiq görülüb. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra, 1919-cu il yanvarın 9-da polkovnik Novruzov ADR ordusuna çağırılaraq, hərbi nazirin təyinatları üzrə qərargah zabiti, 1919-cu il aprelin 2-də Azərbaycan Respublikası Hərbi Məhkəməsinin müvəqqəti üzvü təyin edilir. 1919-cu il avqustun 1-də Gəncə şəhərində yerləşən Süvari Diviziyasının komandiri olur.

Cümhuriyyət ordusunun Qatır Məmmədə qarşı planlaşdırılan əməliyyatı zamanı onun kəşfiyyat sahəsində yüksək bacarıqlarının olduğunu nəzərə alaraq, tapşırıq olur ki, onun yanında yerləşib, etimad qazansın və Məmmədi zərərsizləşdirsin. Filmdə belə bir səhnə var. İzlədiyi Qatır Məmmədin Gəncədə yeməkxanaya girdiyini bilib ora gəlir, süfrədə oturub çörək kəsirlər. “Harda gördün, öldür” əmrinə baxmayaraq, süfrə arxasında onu öldürmək istəməyən Teymur bəyin “Mən zabitəm, süfrə arxasında, düşmən də olsa, öldürmərəm” sözü uzun zaman məşhur olur.

“Qatır Məmməd” filminin ilk variantında Əziz rolunu Eldəniz Zeynalov canlandırıb. Eldəniz Zeynalov atdan yıxılıb, sonra nə illah ediblərsə, deyib ki, daha çəkilmirəm. Sonra rəhmətlik Fuad Poladovu çəkiblər, lakin o, Cümhuriyyət zabiti rolunu o qədər orijinal canlandırıb ki, film yenidən çəkilib və bu dəfə Əziz roluna Rasim Balayev dəvət edilib. Hüseyn Seyidzadə birinci filmin rejissoru kimi əsl Qatır Məmməd simasını yaradır, lakin Moskva bunu Sovet ideologiyasına zidd sayır, ondan qəhrəman yaradılmasını tələb edir. Hüseyn Seyidzadə imtina edir deyə, birinci film ekranlara çıxmır.

Filmdə göstərilir ki, Əziz Qatır Məmmədi arxadan vurur, qaçır və sonra öldürülür. Əslində Teymur bəy üz-üzə döyüşdə onu öldürür, çünki Qatır Məmməd Cümhuriyyət ordusuna ağır zərbə vurmaq üzrə idi. Teymur bəy buna izn vermir və onu açıq döyüşə çağrır və öldürür. Beləliklə, Cühuriyyət ordusunun yüzlərlə əsgəri sağ qalır.

Teymur bəy bolşeviklərə və ermənilərə qarşı çoxsaylı savaşlarda iştirak edib. Novruzov sovet işğalçılarına qarşı Gəncə üsyanının təşkilatçılarından və fəal iştirakçılarından biri olub. Süvari diviziyanın 1920-ci ilin martında Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi.

Azərbaycan işğal olunandan sonra Teymur bəy Gürcüstandan keçərək Almaniyaya, oradan da Fransaya mühacirət edir. Genaral-mayor Teymur bəy Mirzə Hacı bəy oğlu Novruzov 1961-ci il yanvarın 23-də Fransanın Nitsa şəhərindən 30 km aralıda yerləşən Mentonda vəfat etmiş və Nitsa şəhərinin Kokad qəbiristanlığında dəfn edilmişdir.

Teqlər: