Xəbər - Fərid Zöhrabov – Trend:
Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Trend xəbər verir ki, növbəti belə tədbir Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində keçirilib. Qəsəbə ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Kənan Əhmədov, Novruz Əsədov və Eldar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıblar. Həmin şəxslərin fəaliyyət göstərdikləri mağazalara baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Faktlarla bağlı onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.
Qeyd edək ki, Novruz Əsədov və Eldar Hüseynov bir müddət əvvəl də eyni əməllə məşğul olduqları üçün saxlanılıblar və barələrində qanunla nəzərdə tutulan qaydada inzibati tənbeh tədbiri görülüb. Lakin, onlar əməllərindən nəticə çıxarmayaraq yenidən pirotexniki vasitələrin satışını həyata keçiriblər.
Faktlarla bağlı İnzibati Xətalar Məcəlləsinin 442.ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar olunduqda onlar barəsində bundan sonra da ciddi tədbirlər görüləcək.