Pirallahıda “Heydər Əliyev-Azərbaycanın dünəni, bugünü, gələcəyi” mövzusunda tədbir keçirilib (FOTO)

07 may 2022-ci il tarixdə Pirallahı rayonunda Ulu öndər Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı “Heydər
Əliyev-Azərbaycanın dünəni, bugünü, gələcəyi” mövzusunda tədbir
keçirilmişdir. Tədbirdə RİH başçısı Vasif İmanov, Millət vəkilləri
Rauf Əliyev və Sabir Hacıyev, Bakı şəhər İcra Hakimiyyətinin, Bakı
şəhəri üzrə Təhsil idarəsinin məsul işçiləri və rayon
ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Heydər Əliyevin büstü
önünə gül qoyma mərasimi ilə başlamışdır.

İlk öncə məktəblilər tərəfindən hazırlanan, Ümummilli liderin
xatirəsinə həsr edilmiş əl işlərindən ibarət sərgiyə baxış
keçirilmişdir.

Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə
təşkilatçılığı ilə Gənclər Mərkəzində Ümummilli Lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş futbol, karate və şahmat
yarışlarının, eləcə də inşa-yazı müsabiqəsi qaliblərinin və onların
müəllim və məşqçilərinin fəxri fərman, kubok və medallarla təltif
olunması mərasimi keçirilmiş, RİH tərəfindən rayon ərazisində
yerləşən 6 məktəbin hər birinə futbol, voleybol topları və qapı
torları hədiyyə edilmişdir.

Daha sonra tədbir Pirallahı Rayon İcra Hakimiyyətinin akt
zalında rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə davam
etdirilmişdir. İlk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli
liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilmişdir. Ümummilli lider, böyük azərbaycanlı Heydər Əliyevin
uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş
olunmuşdur.

Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov
çıxış edərək diqqətə çatdırmışdır ki, bütün varlığı ilə vətəninə
bağlı olan dünya şöhrətli dövlət xadimi Heydər Əliyev çağdaş
tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün
dövrlərində xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq
missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana
rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu
ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim
sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır. Yüksək liderlik
keyfiyyətlərinə malik olan ulu öndər Heydər Əliyev qısa zaman
kəsiyində ölkədə sabitliyi təmin etdi, müstəqilliyimiz və
suverenliyimizə qarşı yönəlmiş mövcud və potensial təhlükələri
aradan qaldırdı. Unikal strateji baxış sərgiləyərək Azərbaycanın
bir-birini riyazi dəqiqliklə tamamlayan mərhələləri əhatə edən
milli inkişaf strategiyasını müəyyənləşdirdi. Əsas komponentlərini
sabitliyin təmin olunması, milli iqtisadi sistemin yaradılması və
milli ordu quruculuğunun təşkil etdiyi unikal inkişaf strategiyası
ölkənin davamlı uğurlarını və milli təhlükəsizliyimizin ən vacib
məsələsinin həll olunmasını təmin etdi. Heydər Əliyev siyasətinin
layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində
Azərbaycanın Şanlı Ordusu 30 illik işğala son qoydu. Beləliklə,
düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində
bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu
darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı
Qələbəsi ilə başa çatdı.

Millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin və Avropa Şurasının Parlament
Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Sabir Hacıyev
çıxış edərək qeyd etdi ki, Heydər Əliyevin Azərbaycan xalqı
qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci
illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik
etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış
dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu
Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri
olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun
Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi
olmuşdur. Azərbaycanın Heydər Əliyevin adı ilə bağlı olan sürətli
inkişafının bu gün də yüksək dinamika ilə davam etməsi o dövrdən
başlayan yüksəliş strategiyasının böyük zaman kəsiyini əhatə edən
dövlətçilik konsepsiyasını yerinə yetirdiyini qətiyyətlə sübut
edir. Ümummilli Lider Heydər Əliyev həmişə Azərbaycan xalqının
mənafeyini düşünən şəxsiyyət olub, bu istiqamətdə apardığı ardıcıl
və məqsədyönlü siyasət onun bütün fəaliyyətinin əsasını təşkil
edib. Bu gün Azərbaycanda həyata keçirilən böyük tədbirlər məhz
Heydər Əliyevin ölməz ideyalarının həmişəyaşar, əbədi olduğunu bir
daha sübut edir. Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi və
fədakarlığı bu şəxsiyyəti təkcə Azərbaycan xalqının deyil, bütün
dünya azərbaycanlılarının liderliyinə yüksəldib, ömür yolu isə
vətənə xidmətin parlaq nümunəsinə çevrilib. Bütün həyatını xalqına
və vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyev Azərbaycan
xalqının tarixinə müstəqilliyimizin memarı və qurucusu kimi daxil
olub.

Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət, Ailə,
qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev çıxış edərək
vurğuladı ki, böyük şəxsiyyətlər yaşayıb yaratdıqları, fəaliyyət
göstərdikləri zamanlarda siyasi, iqtisadi və digər prosesləri öz
xalqlarının rifahı naminə irəliyə aparmaqla adlarını əbədi olaraq
tarixə yazırlar. Hər bir xalq öz tarixi şəxsiyyətləri ilə fəxr
edir, onların yaratdığı irsə böyük ehtiramla yanaşır. Azərbaycan
xalqı da hər zaman müasir dövlətimizin memarı və qurucusu, xalqının
və ölkəsinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz
işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş dahi
şəxsiyyət Heydər Əliyevi qürur hissi ilə xatırlayır. Ümummilli
lider Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini
həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan
şəxsiyyətdir.

YAP Pirallahı rayon Təşkilatının sədri Emil Abasov öz çıxışında
bildirmişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
illərdə görülən işlər özünüdərk duyğularını ideoloji sistemin
keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə
qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz
yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri
sıxışdırılıb qalmış dövlətçilik ideyasının gələcəkdə böyük
hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.Yeni
müstəqillik yoluna qədəm qoyan Azərbaycanda dövlətçiliyi qoruyub
saxlamaq üçün ölkə rəhbərliyinə təcrübəli, qətiyyətli siyasi
liderin gətirilməsi olduqca vacib idi və xalqımız haqlı olaraq
böyük oğluna müraciət etdi. Heydər Əliyev milyonlarla insanın
arzularını ifadə edərək 1993-cü ildə Bakıya gəldi və onun
Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir
dövrü başlandı.Ümummilli lider Heydər Əliyevin ideyaları,
uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan
Partiyası Azərbaycanın ictimai-siyasi həyatına daxil oldu və
bununla Azərbaycanın tarixində yeni dövr başladı. Ümummilli lider
Heydər Əliyevin rəhbərliyi və ideyaları əsasında qurulan Yeni
Azərbaycan Partiyasının inkişaf tarixi göstərdi ki, Yeni Azərbaycan
Partiyasını yaradanlar, bu partiyanın təməl daşını qoyanlar yeni
müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının
istiqamətini müəyyən etməklə öz seçimlərində yanılmayıblar.
Azərbaycan siyasi mühitinin ən güclü, monolit və mütəşəkkil siyasi
qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz
təzahürü onun cəmiyyətin bütün sosial-ictimai maraqlarının
ifadəçisi olmasıdır. Çünki Azərbaycan xalqının istəkləri,
cəmiyyətin sosial-iqtisadi sifarişləri Yeni Azərbaycan Partiyasının
konseptual strateji proqramında ana xətti təşkil edir.
Bakı şəhəri üzrə Təhsil idarəsinin sektor müdiri Anar Mustafazadə
Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və
fəaliyyətinin mühüm məqamlarından danışaraq Heydər Əliyev və
Azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana
xəttini təşkil etdiyini vurğulamış, xalqımızın Ümummilli Lider
Heydər Əliyevin siyasi varisi, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, ernerjili və təşəbbüskar şəxsiyyət
kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx
birləşdiyini qeyd etmişdir.

Tədbirin sonunda rayonun mədəni-ictimai həyatında fərqlənən bir
qrup rayon sakininə Rayon İcra Hakimiyyətinin fəxri fərmanları
təqdim olunmuşdur.

Teqlər: