29 aprel 2021-ci il tarixində Pirallahı Rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib.
Konfransda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili-Respublika Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov, millət vəkili Rauf Əliyev və bir qrup rayon ağsaqqalı iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin kiçik akt zalında baş tutan tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq, ağsaqqalların ölkəmizin mədəni-ictimai həyatındakı əhəmiyyətli fəaliyyətindən danışıb, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən dinamik inkişaf prosesində onların rolunun böyük olduğunu vurğulayıb.
Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədova hesabat dövründə görülmüş işlər barədə ətraflı məruzə ilə çıxış edib. Sonra gündəlikdə duran məsələlər müzakirəyə çıxarılıb. İclasın sədri, gündəlikdə duran məsələlərin Ağsaqqallar Şurasının Əsasnaməsinin qəbul edilməsi, Pirallahı Rayon Ağsaqqallar Şurasına yeni sədrin, həmçinin İdarə Heyəti və Təftiş Komissiyası üzvlərinin seçilməsi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Fazil Məhəmmədov rayonun ictimai həyatında fəal iştirakına görə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilib.
Tədbirdə Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Eldar İbrahimov çıxış edərək respublikamızda ağsaqqallara göstərilən dövlət qayğısından danışıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti və Rəşadətli ordumuzun qüdrəti ilə 44 gün ərzində erməni işğalçılarını tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətini qeyd edib. Natiq ölkəmizdə həyata keçirilən inkişaf prosesi ilə bağlı ağsaqqallar tərəfindən əhali, xüsusilə gənclər arasında geniş maarifləndirmə işinin aparılmasının zəruriliyini diqqətə çatdırıb, rayonun ictimai-siyasi həyatında ağsaqqalların yaxından iştirak etməsinin sevindirici hal olduğunu vurğulayıb.
Pirallahı rayonunu təmsil edən millət vəkili Rauf Əliyev öz çıxışında rayon yarandığı gündən etibarən aparılan abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını bildirib, bu fəaliyyətdə rayon ağsaqqallarının gənc nəslin maarifləndirilməsində müsbət rolunu qeyd edib, Rayon Ağsaqqallar Şurasının fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Konfransda Pirallahı Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin və Ağsaqqallar Şurasının Təftiş Komissiyasının üzvləri seçilib. Kərimov Əli Kərəm oğlu səsvermə yolu ilə Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri seçilib.
Sonda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini, İdarə Heyətinin və Təftiş Komissiyasının üzvlərini təbrik edərək müstəqil dövlətimizin bundan sonra da çiçəklənməsi, inkişafı naminə həyata keçirəcəkləri gələcək işlərində uğurlar arzulayıb.