İranın Ermənistana münasibətdə siyasəti hakimiyyət dəyişikliyindən sonra dəyişməz qalacaq.
AzerTimes xəbər verir ki, bunu Tehranın İrəvandakı səfiri Mehdi Sübhani erməni jurnalistinin ölkə prezidenti postuna namizədlərdən birinin azərbaycanlı olması ilə bağlı sualını cavablandırarkən deyib.
“İranın Ermənistanla bağlı siyasəti prinsipialdır, əməkdaşlığın və qarşılıqlı fəaliyyətin inkişafı və genişləndirilməsinə yönəlib. Bu siyasət hakimiyyət dəyişikliyi ilə dəyişməyəcək”, – o bildirib.
Səfir seçki kampaniyası zamanı bütün namizədlərin qonşu ölkələrlə münasibətləri inkişaf etdirmək üçün öz proqramlarını təqdim etdiyini vurğulayıb. O qeyd edib ki, İranda çoxlu etnik qruplar yaşayır, lakin bu, ölkənin milli siyasətinə təsir etmir:
“İran Ermənistanın dostu olaraq qalır və yeni hökumət dövründə İrəvanla münasibətləri inkişaf etdirməyə davam edəcək”.
Qeyd edək ki, bu gün İranda prezident seçkilərinin ikinci turu keçirilir. İkinci turda birinci turunun lideri, islahatçı və azərbaycanlı Məsud Pezeşkian və onun rəqibi, mühafizəkarlar qanadının nümayəndəsi Səid Cəlili yarışır.