İranın yeni Prezidenti Məsud Pezeşkianın əslən azərbaycanlı olması, seçki öncəsi təbliğat kampaniyasında bu məsələni qeyd etdiyi üçün onun prezident seçildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə hansı dildə danışacağı sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.
AzerTimes xəbər verir ki, İran konstitusiyasına görə, ölkənin rəsmi dövlət dili farscadır, yeni prezidentin də konstitusiyanın bu tələbinə əməl edəcəyi gözlənilir.
Ancaq məsələ burasındadır ki, Pezeşkian seçkiqabağı verdiyi vədlərə əməl edəcəyinə nümunə və cəsarət göstərərək, Azərbaycan dövlət başçısı ilə öz ana dilində danışa və hər iki tərəfdə özünə qarşı rəğbəti artıra da bilər.
Bu, onun səhiyyə naziri olduğu vaxt Türkiyə səfiri ilə görüşündə də baş verib. Azərbaycanlı nazirin səfirlə türk dilində danışması Türkiyə mediasında təqdir, İran mediasında isə tənqid edilib.
Türkiyənin İrandakı keçmiş səfiri Bozqurd Aran səhiyyə naziri (2001-2005) Pezeşkianla görüşünü belə xatırlayır:
“O, səhiyyə naziri kimi mənimlə görüşə gəlmişdi. Görüşdə media da iştirak edirdi. O, görüşə Azərbaycan dilində başladı və Azərbaycan dilində danışığına davam etdi. Söhbət xeyli uzandı və jurnalistlər ondan xahiş etdilər ki, farsca da bir az danışsın. Çünki reportaj efirə verilməlidir. Pezeşkian isə üzünü jurnalistlərə tutub dedi ki, türk səfirlə türkcə danışmasam, mənim başımı kəssinlər”.
İndi Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyevlə hansı dildə danışacağı barədə məsələnin maraq doğurduğu bir vaxtda Heydər Əliyevin Tehrana səfəri zamanı Əli Xamenei ilə görüşü və Azərbaycan dili barədə ona dediklərini bir daha xatırlamaq yerinə düşər.
Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyev xatirələrində mərhum Prezident Heydər Əliyevin İrana səfəri zamanı onunla dialoqunu da qələmə alıb. O bildirib ki, Xamenei Prezident Heydər Əliyevi mərasim zalının qapısında qarşılayıb ikiəlli görüşüb:
“Aralarında Azərbaycan türkcəsində söhbət başladı. Həm İran nümayəndə heyəti, həm də biz sakitcə dayanıb söhbətə qulaq kəsilmişdik.
Ümumi hal-əhval sözlərindən sonra Heydər Əliyev Xameneidən soruşdu.
– Yaxşı, Xamnədə (Təbriz yaxınlığında Xameneinin doğulduğu kənd – V.Q.) nə var, nə yox?
– Sən Xamnəni də bilirsən? – deyə İranın ali rəhbəri təəccübləndi.
– Əlbəttə, tanıyıram. Xamnə çox məşhur yerdir. Həm də təkcə sizin vətəniniz kimi yox. Azərbaycanın böyük şəxsiyyətlərindən biri olan Mirzə Fətəli Axundzadə də əslən Xamnədəndir. Sizin həmkəndlinizdir. Axundzadənin adını eşitmisiniz?
– Uzaqdan-uzağa eşitmişəm, – deyə Xamenei həvəssiz cavab verdi….
İran rəhbəri Heydər Əliyevin fəaliyyətinin Moskva dövrü, Qarabağ münaqişəsi, Ermənistanla aparılan danışıqlar haqda bir neçə sual verdi…
Nəhayət, söhbətin rəsmi hissəsi başladı. Təbii ki, Xamenei İranın rəsmi dövlət dili sayılan farscaya keçdi. Burada təəccüblü bir şey yox idi. Təəccüblü olan nitqin çox güman İran XİN-in əməkdaşı olan səliqəsiz geyimli bir şəxs tərəfindən rus dilinə, həm də naşı və bisavad şəkildə tərcümə edilməsi idi. Ortada bir anlaşılmazlıq yaranmışdı. İki-üç cümlədən sonra Heydər Əliyev tərcüməçiyə hökmlə “Podojdite!” – deyib söhbəti dayandırdı. Üzünü İranın ali rəhbərinə tutaraq:
– Ağayi Xamenei, bir az əvvəl sizinlə ana dilimizdə danışırdıq. Başa düşürəm, bura İran dövlətidir. Siz də onun lideri kimi rəsmi söhbətlərinizi fars dilində aparmalısınız. Amma tərcümənin niyə ruscaya edildiyini başa düşmürəm.
– Bəs mən elə zənn eləyirəm ki, sizin dövlətin dili rus dilidir?! – deyə Xamenei sifətinə sadəlövh görkəm verərək yenidən Azərbaycan türkcəsinə keçdi.
– Ay kişi, – Heydər Əliyev onun özünü bilməməzliyə vurmasından açıq-aşkar əsəbiləşmişdi: – Heç şurəvi vaxtında da Azərbaycanın dövlət dili rus dili olmayıb. O vaxt bizim əsas qanunumuzda da yazılmışdı ki, dövlət dilimiz ana dilidir. Biz Moskvanın təzyiqləri altında da onu qorumuşuq, inkişaf etdirmişik. Bu dildə nə qədər kitablar, qəzetlər çıxıb. Məktəblər, institutlar, universitetlər fəaliyyət göstərib. Müstəqillik qazanandan sonra da hər yerdə ancaq və ancaq öz dilimizdən istifadə olunur! Başım çıxmır, haradan sizin ağlınıza gəlib ki, Azərbaycan Respublikasının dövlət dili rus dili ola bilər? Mən rus dilini də çox gözəl bilirəm, amma dünyanın hər yerində rəsmi danışıqları yalnız Azərbaycan dilində aparıram.
Heydər Əliyevin kəskin etirazından sonra İran tərəfi əl-ayağa düşmüşdü. Deyəsən əvvəlcədən fars-Azərbaycan tərcüməçisi gətirmədikləri, yaxud Azərbaycan prezidentinin məsələyə belə sərt reaksiya verəcəyini düşünmədikləri üçün vəziyyətdən necə çıxacaqlarını bilmirdilər…
Çıxanda isə İran tərəfinin protokol baxımından “naqolay” hərəkətinə bir daha işarə vuraraq Xameneiyə:
– Ağayi Xamenei, sizinlə çox mətləblərdən danışdıq. Amma düşünürəm ki, bugünkü görüşümüzün ən böyük faydası Azərbaycanın dövlət dilinin rus dili olmadığını bilməyiniz oldu, – dedi.
İranın ali rəhbəri düz hədəfə dəyən bu sözlərə:
– Əstəğfürullah! Əstəğfürullah! – deməklə cavab verdi”.
Məsud Pezeşkianın Heydər Əliyevin onun böyüyü Əli Xameneiyə iradını xatırlaması, bundan nəticə çıxarması və Prezident İlham Əliyevlə görüşdə öz ana dilində danışması maraqlı olar.
Bu, İlham Əliyev, Arazın iki tayında yaşayan azərbaycanlılardan daha çox Məsud Pezeşkiana lazımdır. Bu, onun hörmətinin və verdiyi vədləri reallaşdırmaq üçün qərarlı olmasına inamın artmasına səbəb olar.