Prezidentliyə namizəd Məsud Pezeşkianın İranda qeyri-farslara qarşı münasibət, Tehran hökumətinin qonşu ölkələrlə, xüsusən Azərbaycan Respublikası və Türkiyə ilə bağlı siyasətini tənqid edən çıxışının mətni yayılıb.
AzerTimes azərbaycanlı namizədə yaxın mənbəyə istinadla çıxışın mətnini təqdim edir:
“Niyə ölkədə müəyyən bir qrup hakimiyyət olmalıdır?!
Bu cəmiyyətdə farslar, türklər, ərəblər yaşayır. Bəzilərini qəbul edir, bəzilərini isə özümüz üçün təhlükə hesab edirik. Bir çox etnik qrupların cəmiyyətimizdə yeri yoxdur. Niyə ölkədə xüsusi qrup güc sahibi olmalıdır?
Ümumiyyətlə, türklər bu məmləkətdə tayfa deyil, onlar bu ölkədə imperiya qurmuş millətdir. Biz “azəri” deyilik, türkdən doğulmuş türkük. Bu ölkədə millətləri düşmən görmək siyasətinə son qoyulmalıdır. Bu insanlar İranın ən böyük sərvətidir.
Ölkəmiz bütün dünyanın düşmənidir. Qonşu dövlətlərlə problemimiz var. Hamının daxili işinə qarışırıq, hamını düşmən elan etmişik, bir çox dövlətlər bizi təhlükə hesab edir.
İran başqa ölkələrin daxili işlərinə qarışmamalı, mehriban qonşuluq siyasətini həyata keçirməlidir. Əgər bir qonşu dünyəvi ölkədirsə, biz onun hökumət strukturuna hörmət etməli, inqilab ixrac etməməliyik. Onlar özləri seçim etməlidirlər. İran bu sərt və düşmənçilik siyasətindən əl çəkməlidir.
Azərbaycan Respublikası ilə əlaqələr bizim xüsusi diqqətimizdə olmalıdır. Bəlkə də tarixdə İran və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə yoxdur. Bu mədəni-tarixi yaxınlığı aktiv bir yaxınlığa çevirsək, daha çox fayda görməyəcəyikmi? Azərbaycan bizim üçün üstünlükdür, bu ölkəni yanımızda saxlamalıyıq.
Bir anlıq düşünün, Azərbaycan Cənubi Qafqazda mühüm mövqeyə malikdir. Biz Azərbaycana qarşı sərt siyasəti davam etdirsək, Azərbaycan İrana düşmən olan daha çox dövləti regiona gətirmək iqtidarındadır.
Ən mühüm məqam odur ki, “Qəsr Şirin” sülh müqaviləsindən sonra Türkiyə ilə İran arasında heç bir müharibə olmayıb, ona görə də Türkiyə ilə normal münasibətlər mümkündür. Ermənistan da bizimlə qonşu ölkədir və biz Ermənistanla normal münasibətlərimizi davam etdirməli, ticarətimizi inkişaf etdirməliyik. Biz Azərbaycan və Ermənistanı səmimi şəkildə dəstəkləməli, yekun sülh üçün kömək etməliyik”.