Peyvəndlərin paylanmasında bərabərsizlik ciddi narahatlığa səbəb olur – Nazir müavini

Peyvəndlərin paylanmasında bərabərsizlik ciddi narahatlığa səbəb olur.

AzerTimes-ın məlumatına görə, bunu Beynəlxalq Əmək Konfransının (BƏK) 109-cu sessiyası çərçivəsində Qoşulmama Hərəkatı adından çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

A.Kərimov pandemiyanın təsirlərini aradan qaldırmaq üçün qlobal səylərin səfərbər edilməsi və gücləndirilməsində Qoşulmama Hərəkatının mühüm rolunu vurğulayıb. Azərbaycanın Hərəkata sədrlik edən ölkə kimi bu mövzuda 2020-ci ilin may ayında Qoşulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşünü uğurla keçirdiyini deyib. Ölkəmizin təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” qətnaməsinin qəbul edildiyini, BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı Xüsusi Sessiyasının keçirildiyini diqqətə çatdırıb.

Nazir müavini COVID-19-un iqtisadiyyata, habelə əmək bazarına və məşğulluğa mənfi təsirlərini qeyd edib.

İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında COVID-19 əleyhinə peyvəndlərin paylanmasında bərabərsizliyin Qoşulmama Hərəkatına üzv dövlətlərin ciddi narahatlığına səbəb olduğunu bildirən A.Kərimov, bu baxımdan “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin xüsusi önəmini vurğulayıb. Nazir müavini pandemiyaya qarşı mübarizədə qlobal birgə səylərin,çoxtərəfli əməkdaşlıq, həmrəylik və insan haqlarına hörmətin vacibliyi qeyd edib. Həmçinin pandemiyanın əmək bazarına mənfi təsirlərini aradan qaldırmaq, işçilərə layiqli iş imkanları yaratmaq üçün sosial dialoqun xüsusi önəmini, bu sahədə hədəflərə çatmağa imkan verəcək fəaliyyət istiqamətləri diqqətə çatdırıb.

Qeyd edək ki, tarixində ilk dəfə virtual formatda keçirilən BƏK-in 109-cu sessiyasında 4000-dən çox Beynəlxalq Əmək Təşkilatının üzv-dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlar iştirak edir.

Teqlər: