Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıması və bu ərazi bütövlüyünə Qarabağın da daxil olması barədə sözlərinə irad bildirənlərə cavab verib.
AzerTimes xəbər verir ki, Nikol Paşinyan parlamentdə çıxışında bu yöndən verilən suallara Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın köməkçisi və mətbuat katibi olmuş, hazırda Petrosyanın rəhbərlik etdiyi Ermənistan Milli Konqresi Partiyasının sədr müavini vəzifəsini daşıyan Levon Zurabyandan sitat gətirib.
O bildirib ki, Levon Zurabyan bu barədə həqiqətləri özü etiraf edib:
“1991-ci il Almatı bəyannaməsini mən imzalamamışam, Levon Ter-Petrosyan imzalayıb. Həmin bəyannamənin açıq şəkildə bir mənası var ki, iki ölkə mövcud inzibati sərhədlərin dövlət sərhədinə çevrildiyini və bu sərhədlərin toxunulmaz olduğunu qəbul edir. Yenə deyirəm, buna Ter-Petrosyan imza atıb. Yeri gəlmişkən, Petrosyan o vaxt prezident deyildi, Ali Sovetin sədri idi. Həmin bəyannamə də parlament tərəfindən ratifikasiya edilib. Yaddaşım məni aldatmırsa, o vaxt Serj Sərkisyan və Robert Köçəryan da deputat olublar. İndi də müsahibə verirlər, deyirlər: 92-də belə olmalı idi, 98-də belə olmalı idi, 2008-də belə olmalı idi, 2014-də belə olmalı idi…”
Qeyd edək ki, Sərkisyan və Köçəryan ovaxtkı Dağlıq Qarabağ Ali Sovetinin deputatı kimi bu müzakirələrə qatılıblar.