Petkim Külək Elektrik Stansiyasının istehsal hədəfləri açıqlanıb

İstanbul. Elçin Mehdiyev – Trend:

Petkim Külək Elektrik Stansiyası 17 külək turbini ilə ildə 200 giqavat elektrik enerjisi istehsal etməyi hədəfləyir.

AzerTimes-ın məlumatına görə, bunu “SOCAR Türkiyə”nin baş direktoru Zaur Qəhrəmanov Azərbaycan media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında deyib.

“SOCAR Türkiyə”nin qrupdaxili müəssisələrinə məxsus 4 inzibati binası da daxil olmaqla 22 istehlak məntəqəsində istehlak edilən elektrik enerjisi yaşıl enerji ilə təmin edilir”, – deyə Z.Qəhrəmanov vurğulayıb.

Z.Qəhrəmanov bildirib ki, “SOCAR Türkiyə” bərpa olunan enerjiyə əsaslanan enerji təchizatının strateji əhəmiyyət kəsb etdiyi bir dünyada nümunəvi bir kompleks istifadəyə verib:

“Gücü 51 meqavat olan Petkim Külək Elektrik Stansiyası (KES) 2017-ci ildən fəaliyyət göstərir. Təqribən 55 milyon avro sərmayə dəyəri ilə qurulan Petkim KES hər biri 3 meqavat gücündə 17 külək turbini ilə ildə 200 giqavat elektrik enerjisi istehsal etməyi hədəfləyir. Petkim KES sənayedə təmiz enerji resurslarının istifadəsi və karbon emissiyalarının azaldılması üçün uğurlu model nümayiş etdirir”, – deyə Z.Qəhrəmanov bildirib.

Teqlər: