Peşə və ali təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramlarının qalibləri mükafatlandırılıb (FOTO)

Martın 10-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) peşə
və ali təhsil müəssisələri üçün elan etdiyi təqaüd proqramı
müsabiqələrinin qaliblərinin mükafatlandırılması mərasimi
keçirilib.

Mərasimdə təhsil naziri Emin Əmrullayev, “AzerGold” QSC-nin
İdarə Heyətinin sədri Zakir İbrahimov, Peşə Təhsili üzrə Dövlət
Agentliyinin (PTDA) direktor müavini, direktor vəzifəsini icra edən
Ceyhun Kərəmov, eləcə də ali təhsil müəssisələrinin rektorları və
müsabiqə qalibləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “AzerGold” QSC-nin İdarə Heyətinin
sədri Zakir İbrahimov “AzerGold” təqaüdünü qazanmış tələbələri
təbrik edib, onlara təhsil və karyera həyatında uğurlar arzu edib.
İdarə Heyətinin sədri təqaüd proqramları haqqında ətraflı bəhs
edərək, layihənin Cəmiyyətin orta və uzunmüddətli strategiyası
çərçivəsində müəyyən edilmiş kadr ehtiyacları üzrə resursların
zamanında cəlb olunması planı çərçivəsində ötən ilin sonlarından
etibarən həyata keçirildiyini qeyd edib. Bildirilib ki, sənaye və
dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələri əhatə edən
layihənin əsas məqsədi təhsilə marağın daha da artırılması,
istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş
yerlərində aşkar edilməsidir.

Z.İbrahimov, həmçinin Səhmdar Cəmiyyətin Azərbaycanda fəaliyyət
göstərən bir sıra ali məktəb və peşə təhsili məktəblərinə kadr
hazırlığı sahəsində gördüyü işlərdən bəhs edib. Sədr
mütəxəssislərin ixtisas biliklərinin artırılması, təhsil, elm,
istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq
doğuran əməkdaşlığın yaradılması məqsədilə 8 yerli təhsil
müəssisəsi ilə əməkdaşlıq memorandumu və protokolu çərçivəsində
işlər görüdüyünü bildirib. 2017-ci ildə ilk olaraq Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Memarlıq və
İnşaat Universiteti ilə memorandum imzalanıb. 2018-ci ildə
Azərbaycan Diplomatik Akademiyası, 2019-cu ildən isə Azərbaycan
Dövlət Aqrar Universiteti, Azərbaycan Texnologiya Universiteti və
Bakı Dövlət Universiteti ilə əməkdaşlığa start verilib. Ötən ildən
isə Azərbaycan Texniki Universiteti və Bakı Ali Neft Məktəbi ilə
əməkdaşlığa başlanılıb.

İdarə Heyətinin sədri bildirib ki, ali məktəblərlə əldə olunmuş
razılaşmalara uyğun olaraq, müvafiq peşə-ixtisas sahəsi üzrə təhsil
alan tələbələrin Cəmiyyətin Daşkəsən rayonunda yerləşən Çovdar
İnteqrəolunmuş Regional Emal Sahəsinə mütəmadi səfərləri təşkil
olunur. Beləliklə, ali məktəblərdə elmi-nəzəri biliklərə yiyələn
tələbələr əyani surətdə istehsalat təcrübəsinə də yiyələnmiş
olurlar. Bununla yanaşı, Səhmdar Cəmiyyətin mütəxəsisləri
tələbələrə mühazirələr oxuyur, ustad dərsləri, eləcə də müxtəlif
müsabiqələr, stimullaşdırıcı tədbirlər həyata keçirirlər. Elan
edilmiş müvafiq vakansiyalara uyğun işçilərin cəlb edilməsində
təcrübə proqramlarında iştirak etmiş məzunlara üstünlük
verilir.

Təhsil naziri Emin Əmrullayev peşə sahəsində “AzerGold” QSC ilə
mövcud əməkdaşlığın əhəmiyyətinə toxunub. Nazir bildirib ki, təqaüd
proqramının tətbiqi gənclər üçün stimul kimi qiymətləndirilə bilər.
O, həmçinin işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi,
kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılmasının
zəruriliyindən danışıb. Emin Əmrullayev çıxışının sonunda təqaüd
proqramını qazanmış tələbələri təbrik edib və onlara uğurlar
arzulayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor
vəzifəsini icra edən Ceyhun Kərəmov da öz növbəsində “AzerGold” QSC
ilə PTDA arasında mövcud əməkdaşlıqdan danışıb. Ceyhun Kərəmov
deyib ki, 2021-ci ildə imzalanmış əməkdaşlığa dair fəaliyyət
planına uyğun olaraq həyata keçirilən təqaüd proqramına Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və
Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzindən ümumilikdə
56 tələbə müraciət edib. Ceyhun Kərəmov əlavə edib ki, “AzerGold”
QSC-nin əməkdaşları bir neçə peşə təhsil müəssisəsinin müəllim
heyəti üçün ixtisasartırma təlimləri keçirib və onların şirkətin
istehsalat sahələrinə səfəri təşkil edilib. Cari ildə əməkdaşlıq
çərçivəsində yeni təhsil proqramlarının və tədris resurslarının
hazırlanması, maddi-texniki bazanın müasirləşdirilməsi nəzərdə
tutulub.

Tədbirdə qeyd edilib ki, ali təhsil müəssisələrindən 9, peşə
təhsili müəssisələrindən isə 18 tələbə “AzerGold” təqaüdünün qalibi
olub. Proqram çərçivəsində tələbələrin sosial müdafiəsinə dəstək
məqsədi ilə 27 qalibin hər biri üçün 9 ay müddətində ümumilikdə
1800 AZN məbləğində təqaüdün verilməsinə artıq başlanılıb.
Proqramda iştirak etmiş tələbələrin gələcəkdə müvafiq vəzifələr
üzrə işlə təmin edilməsi də nəzərdə tutulur.

Daha sonra təqaüd proqramını qazanmış tələbələrin təmsil
olunduğu ali məktəblər – Azərbaycan Dövlət Neft və Sənaye
Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Dövlət
Universitetinin rektorları çıxış edərək “AzerGold” arasında
imzalanmış anlaşma memorandumu çərçivəsində görüləcək işlər və ali
təhsil müəssisələri üçün elan edilmiş təqaüd proqramının əhəmiyyəti
barədə çıxışlar ediblər.

Sonda təqaüd proqramını qazanmış tələbələrə sertifikat və xatirə
hədiyyələri təqdim olunub.

Teqlər: