Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı təhsil pilləsidir – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Peşə təhsili ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı təhsil pilləsidir. Peşə təhsili eyni zamanda işsizliyin və yoxsulluğun aradan qaldırılmasına, gənclər arasında məşğulluğun təmin edilməsində mühüm rol oynayır.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycanın iqtisadi inikişafı, o cümlədən ölkəmizdə son illər sənaye sahəsində əldə edilən uğurlar, yeni müəssisələrin yaradılması yeni ixtisaslı kadrlara tələbatı xeyli artırıb.

A.Həsənova qeyd edib ki, bu tələbatın yerli kadrlar hesabına təmin edilməsi çox vacib önəm daşıyır: “Ölkənin iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınaraq, 2016-cı ildə ölkə Prezidentinin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, peşə təhsili və təliminin inkişafı üzrə strateji yol xəritəsi təsdiq edilərək icrasına başlanılıb.

Lakin peşə təhsili ilə bağlı hazırda müəyyən problemlər qalmaqdadır. Bildiyiniz kimi 1980-ci illərin sonları – 1990-cı illərin əvvəllərində ölkənin sosial-iqtisadi həyatında baş verən hadisələr bu sahənin inkişafına mənfi təsir göstərimiş, peşə təhsili müəssisələrinin maddi-texniki bazası sıradan çıxmağa başlamış və sistem tamamilə dağılmaq təhlükəsi ilə üzləşmişdir.

1990-cı illərin ortalarından başlayaraq təhsilin bu növünə diqqət artırılıb, “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” çərçivəsində bir sıra tədbirlər həyata keçirilmiş və nəticədə peşə təhsili müəssisələrinə qəbul səviyyəsi müəyyən qədər yüksəlmişdir.


Lakin, son illərdə ölkə iqtisadiyyatının, qeyri-neft sektorunun davamlı inkişafı əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmışdır. Müqayisə üçün bildirim ki, inkişaf etmiş ölkələrdə orta təhsil məktəblərini bitirənlərin şagirdlərin 40-60 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunursa, Azərbaycanda bu rəqəm 11 faizdən azdır.

Ölkəmizdə təhsilil bu istiqamətinə marağın az olmasına səbəb, əsasən ixtisasların müasir bazarın tələblərinə cavab verməməsi, peşə-ixtisas təhsili sistemində çalışan kadrların hazırlıq səviyyəsinin aşağı olması, bəzi rayon və şəhərlərdə bu sahə üzrə məktəblərin mövcud olmaması və s. hallarla izah edilir.

Misal olaraq, qeyd edim ki, ölkə üzrə ümumilikdə 118 peşə təhsil müəssisəsindən 20-yə yaxını bəzi hallarda bir rayonda 2 və daha artıq olmaqla Bakı şəhərinin Pirallahı və ən böyük sənaye rayonlarından Suraxanıdan başqa digərlərinin ərazisində yerləşir. Rəsmi 210000-dən çox, faktiki isə 350 000-ə qədər əhailinin yaşadığı Suraxanı rayonunda ümumtəhsil müəssisələrindən 1 tədris ili ərzində təxminən 2000 nəfər şagird məzun olur ki, onlardan da 60-70 faizi yəni 1200-ü tələbə adını qazanır. Bu da hər il peşə təhsilinə cəlb olunması zəruri 800-ə yaxın gənc deməkdir. Nəzərə alınmalıdır ki, rayonda işsiz sakinimizin müvafiq peşə üzrə təhsili, ixtisası olmaması səbəbindən işlə təminatında ciddi problemlər var.

Hesab edirəm ki, Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinə əsasən 2025-ci ilədək inşası nəzərdə tutulmuş müasir standartlara cavab verən yeni peşə təhsili müəssisələrindən müəyyən sayda Suraxanı rayonun əsazisində də tikilməsi sadaladığım problemlərin həlli istiqamətində olduqca faydalı addım olar”.

Teqlər: