Peşə təhsili olan mütəxəssislərə ehtiyac var – Deputat

“Peşə təhsili haqqında” Qanunda dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində
təhsilalanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil
almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub.
Mövcud qanunvericilikdə isə peşə təhsili müəssisələrində yalnız
dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə
tutulub.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin
Elm və təhsil komitəsinin üzvü Afət Həsənova qeyd edib ki, bu
dəyişiklik mütərəqqi xarakter daşıyır və peşə təhsilinə marağın
artırılmasına mühüm töhfə verəcək.

“Peşə təhsili hər bir ölkənin inkişafı üçün vacib bir sahədir.
Təəssüflər olsun ki, bu gün Azərbaycanda valideyinlər övladlarını
əsasən ali təhsilə kökləyirlər. Valideynlər övladlarının biliyin,
potensialın, intellektual imkanların nəzərə almadan sadəcə diplom
xatirinə övladlarını ali təhsilə istiqamətləndirirlər. Lakin
gələcəkdə övladının işlə təmin olunub-olunmaması, o işin öhdəsindən
gəlib-gəlməməsi valideynləri maraqlandırmır. Onlar peşə təhsilinin
əhəmiyyətinə diqqət yetirmirlər. Hesab edirəm ki, valideyinlər öz
övladlarının potensialını düzgün qiymətləndirməli və peşə
təhsilinin əhəmiyyətinə də diqqət yetirmirlər”, – deyə deputat
bildirib.

O qeyd edib ki, bu gün Azərbaycanda peşə təhsilinin inkişafı
olduqca vacibdir. “Peşə təhsili bu günün çağırışıdır. Çünki bir çox
yeni ixtisaslara Azərbaycanda böyük ehtiyac var. İqtisadiyyatın
müxtəlif sahələrində, xidmət, ictimai iaşə sahəsində də peşə
təhsilli mütəxəsislərə tələbat böyükdür.

Bu gün Azərbaycanda inkişaf edən sahələrdən biri də turizmdir.
Turizm məkanlarının, restoranların, turistlərin sayı artır, ancaq
turistlərə göstərilən xidmət hələ də lazımi səviyyədə deyil. Bu da
həmin sahədə olan mütəxəsislərin sayının az olmasından, onların
hazırlıq səviyyəsinin aşağı olmasından irəli gəlir. Digər sahələrdə
də bununla bağlı misallar gətirmək olar. Bu baxımdan peşə
təhsilinin əhəmiyyəti olduqca böyükdür”, – deyə A.Həsənova
bildirib.

Deputat seçildiyi Suraxanı rayonunda da peşə təhsili müəssisənin
yaradılmasına ehtiyac olduğunu qeyd edib. “Əhailisi 210 000
nəfərdən çox olan Suraxanı rayonu ərazisində belə bir təhsil
müəssisəsi mövcud deyil. Orta hesabla rayonumuzun ümumtəhsil
müəssisələrindən 1 tədris ili ərzində 2000 nəfər şagird məzun
olduğu halda onların təxminən 60-70 faizi tələbə adını qazanır ki,
bu da hər il peşə təhsilinə cəlb olunmasını zəruri gənclərin
sayının 800-ə yaxın olması deməkdir.

Bu baxımdan “Azərbaycan Respublikasında peşə təhsili və
təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən 2025-ci
ilədək inşası nəzərdə tutulmuş müasir standartlara cavab verən yeni
peşə təhsili müəssisələrindən müəyyən sayda Suraxanı rayonun
əsazisində də tikilməsi məqsədəuyğundur”, – deyə o bildirib.

Teqlər: