Peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq – Orxan Məmmədov

Cari ilin dekabr ayından Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Məşğulluq Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə yeni layihəyə başlanılıb.

AzerTimes-in məlumatına görə, bunu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov bu gün 2-ci Gənc sahibkarlar forumunda çıxışı zamanı deyib.

O bildirib ki “Gənclərin biznes emalatxanası” adlanan layihənin məqsədi peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır.

“2021-2023-cü illəri əhatə edəcək layihənin ilkin mərhələlərində Qəbələ, Ağdam və Cəlilabad rayonlarında peşə təhsili alan sonuncu kurs tələbələri iştirak edəcəklər. Layihə çərçivəsində müxtəlif sahələrdə peşə təhsili alan gənclər biznes təlimlərinə cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində mikro biznesin qurulması üçün müvafiq avadanlıqlar veriləcək”, – deyə O.Məmmədov qeyd edib