Martın 14-də Dövlət İmtahan Mərkəzi tərəfindən ilk peşə-ixtisas
təhsili müəssisələrinin tədrisi Azərbaycan dilindən fərqli dildə
olan bölmələrinin şagirdləri üçün buraxılış imtahanı çərçivəsində
Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.
Mərkəzdən
Trend-ə verilən məlumata görə,imtahan saat 11:00-da başlanır və
1 saat 30 dəqiqə davam edir. İmtahanların başlanmasına 15 dəqiqə
qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra
gələn iştirakçılar imtahan binasına buraxılmır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– İmtahana buraxılış vərəqəsi;
– Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə
çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi
şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə
imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca
vərəqdə çap olunmalıdır);
– Şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsində
şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil
müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış
arayışı).
İmtahanda iştirak edəcək şagirdlər “İmtahana
buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından
martın 2-dən etibarən çap edib götürə bilirlər.
İmtahanda şagirdlərə fənn kurikulumu əsasında hazırlanmış 27
qapalı tipli və 3 yazılı şəkildə cavablandırılması tələb olunan
açıq tipli olmaqla 30 test tapşırığı təqdim olunur. Səhv cavablar
yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya
biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin
yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün
abituriyentlərin nisbi balı 50 və daha yuxarı olduqda “məqbul”
qiymət almış hesab olunurlar və müsabiqəyə buraxılırlar.
İmtahan Bakı şəhərində 1 binada keçiriləcək. İmtahanın idarə
olunmasına 1 ümumi imtahan rəhbəri, 2 imtahan rəhbəri, 13
nəzarətçi-müəllim, 2 buraxılışı rejimi əməkdaşı (mühafizə)
ayrılıb.