Peşə məktəblərində təqaüd təhsil nəticələrinə əsasən veriləcək

Xəbər - Humay Ağacanova – Trend:

2021/2022-ci tədris ilindən başlayaraq peşə təhsili pilləsində təqaüdlər təhsil nəticələrinə əsasən veriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda müvafiq dəyişikliklər edilib.

Qanunvericilik aktlarına edilmiş dəyişikliklər peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinin yüksəlməsinə, tədris prosesində tələbələrin fəallığının artırmasına və onların təhsilə marağının stimullaşdırmasına müsbət təsir etməklə yanaşı tələbələrə dövlət qayğısını artırmılmasına və onların sosial müdafiəsini daha da gücləndirilməsinə xidmət edir. Peşə təhsilində təhsil nəticələrinə əsaslanan diferensiallaşmış təqaüd sistemi dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil ediləcək. Bundan sonra təqaüdün verilməsində yeganə göstərici təhsil nəticələri olacaq. Bu yanaşmanın tətbiqi peşə təhsilinə akademik göstəriciləri daha yaxşı olan abituriyentlərin marağının artmasına şərait yaradacaq.


Qeyd edək ki, ötən dövrdə peşə təhsil müəssisələrində dövlət hesabına təhsil alan tələbələrə təhsil müddətində vahid məbləğdə, yəni aylıq olaraq 50 manat məbləğində təqaüd ödənilirdi. Son dəyişikliklərə əsasən təqaüdün aylıq məbləği təhsil nəticələrindən asılı olaraq aşağıdakı kimi fərqləndirilib. Belə ki, peşə təhsili pilləsində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat və akademik göstəriciləri “3” – “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat aylıq təqaüd ödəniləcək.

Qeyd edək ki, peşə təhsil sistemində 23 mindən çox tələbə təhsil alır ki, onların da 80 faizinə təqaüd verilir.

Teqlər: