Pərviz Şahbazov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə TAP-ın genişləndirilməsini müzakirə ediblər

ADA Universitetində “Azərbaycan-İtaliya: “Çoxölçülü strateji
tərəfdaşlığın gücləndirilməsinə aparan yol” adlı konfrans
çərçivəsində energetika naziri Pərviz Şahbazovla İtaliyanın xarici
işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maionun rəhbərlik
etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə
Azərbaycan və İtaliya arasında enerji əməkdaşlığının inkişafı
müzakirə edilib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, İtaliyanın xarici
işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ikitərəfli
enerji əməkdaşlığının, ölkəsinin enerji təminatının və Avropa qaz
bazarında mövqeyinin möhkəmləndirilməsində Trans-Adriatik Boru
Kəmərinin (TAP) rolunu yüksək qiymətlləndirib. TAP-ın
genişləndirilməsi üzrə fəaliyyətə başlamağın vacibliyini qeyd
edib.

Energetika naziri Pərviz Şahbazov da Azərbaycanın etibarlı və ən
böyük ticarət tərəfdaşı olan İtaliya ilə enerji əməkdaşlığında xam
neft təchizatı ilə yanaşı TAP vasitəsilə təbii qaz tədarükünün
artan əhəmiyyətindən bəhs edib. TAP ilə Avropaya artıq 10 milyard
kubmetr Azərbaycan qazının çatdırıldığını vurğulayan nazir bildirib
ki, böyük qaz resurslarının mövcudluğu, təbii qazın enerji
keçidində mühüm rolu və qaz təchizatı mənbələrinin
şaxələndirilməsinə artan maraq TAP-ın genişləndirilməsinə imkan
yaradır:

“Hazırkı artım tempinin davam edəcəyi təqdirdə bu ilin sonuna
qədər İtaliyaya uzunmüddətli və spot müqavilələr əsasında qaz
ixracımızın 9,5 milyard kubmetrə çatacağını gözləyirik. TAP-ın
genişlənməsi isə yalnız İtaliyanı deyil, Avropanın digər ölkələrini
də daha çox təbii qazla təmin edə bilər. Ona görə də maraqlı
tərəfləri bu prosesdə fəal iştiraka dəvət edirik.”

Nazir həmçinin TAP-ın genişlənməsi ilə 10 faiz həcmində hidrogen
qarışığının nəqlinin də mümkünlüyünü qeyd edib. Dənizdə külək
enerjisindən istifadə ilə Avropaya “yaşıl” enerji və “yaşıl”
hidrogen ixracının da gündəlikdə olduğu vurğulanaraq İtaliya
şirkətləri bu əməkdaşlıq imkanlarını dəyərləndirməyə çağırılıb.

Görüşdə, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə
əməkdaşlığa, İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası
Komissiyanın növbəti iclasına dair məsələlər müzakirə edilib.

Teqlər: