Pərviz Şahbazov BƏƏ-nin energetika və infrastruktur naziri ilə görüşüb

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər çərçivəsində energetika
naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika və infrastruktur
naziri Suhail Mohamed Al Mazrouei arasında görüş olub.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
P.Şahbazov “Ümumdünya Kommunal Xidmətlər Konqresi”nin yüksək
səviyyədə təşkilinə və dəvətə görə təşəkkürünü bildirib. Bu
tədbirin qlobal enerji gündəliyində olan məsələlərlə yanaşı
ölkələrimiz arasında ikitərəfli enerji əməkdaşlığının müzakirəsi
baxımından əhəmiyyətli olduğu qeyd edilib.

Görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində planlaşdırılan
investisiya layihələri, elektrik enerjisinin istehsalı və ixracı,
həmçinin təbii qaz, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanları
müzakirə edilib. Qaradağ GES-in inşası iki ölkə arasında yüksək
münasibətlərin töhfəsi və “yaşıl” enerji əməkdaşlığının başlanğıcı
kimi qiymətləndirilib. Bu əməkdaşlığın inkişafına BƏƏ-nin marağı və
dəstəyi bir daha da ifadə edilib.

Söhbət zamanı qlobal enerji bazarlarındakı cari vəziyyətə və
“OPEC plus” formatında əməkdaşlıqdan irəli gələn məsələlərə də
toxunulub.

Teqlər: