Pərviz Şahbazov Almaniya kanslerinin müşaviri ilə görüşüb

“Berlin Enerji Keçidi Dialoqu” çərçivəsində energetika naziri
Pərviz Şahbazov Almaniyanın federal kanslerinin iqtisadi məsələlər
üzrə müşaviri, dövlət katibi Jörg Kukies ilə görüşüb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə qlobal enerji gündəliyində olan məsələlər,
Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Azərbaycanın “yaşıl enerji”
üzrə Avropanın təchizatçısına çevrilməsi və ikitərəfli enerji
əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə edilib.

Uzun illərdir neft təchizatçısı olan Azərbaycanın 21-ci əsrin ən
böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi ilə Avropa
ölkələrinin qaz tədarükçüsünə çevrildiyi və bu dəhlizin
genişləndirilməsinin çoxtərəfli əməkdaşlıq əsasında zəruri bir sıra
məsələlərin həllini tələb etdiyi qeyd edilib.

Həmçinin hazırda Azərbaycanın Avropaya digər bir istiqamət –
bərpa olunan enerjinin ixracı ilə bağlı planlarının olduğu diqqətə
çatdırılıb. Nazir Pərviz Şahbazov deyib ki, Xəzər dənizinin zəngin
külək enerjisi potensialının 7,2 GVt-nı 2036-cı ilədək
reallaşdırmaq niyyətindəyik. “Qara dəniz sualtı elektrik xətti kimi
yeni ötürücü xətlərlə biz istehsal ediləcək “yaşıl enerji”ni
Avropaya ixrac edə bilərik. Eyni zamanda hidrogen qarışığının
ixracı da nəzərdən keçirilir ki, bunların hər ikisi real
imkanlardır,” – deyə nazir bildirib.

Teqlər: